“Taksi xidmətində keyfiyyətin artırılması üçün müəyyən addımlar atılıb. Onlardan ən önəmlisi nəqliyyat vasitələrinə dair tələblərdir, onların texniki, daxili vəziyyəti, rəng görünüşü, əyləc sistemindən tutmuş, istehsal ilinə qədər müəyyən tələblər qoyulub.
Bu, Azərbaycanda qəbul edilmiş ilk qərardır. İndi deputatlar buna etiraz edir, lap yaxşı, amma onlar ötən il axı özləri buna səs veriblər, indi nəyə etiraz edirlər?”
Bu sözləri BUTA.TV-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Taksilərlə bağlı təsdiq edilən qanuna etiraz edənlər və bunu sosial vəziyyətlə bağlayanlar barədə danışan ekspert bunun süni pafos olduğunu bildirib:
“Bəzi deputatlar publika üçün pafoslu çıxışları tez-tez dilə gətirirlər. Onda niyə qanun əleyhinə vaxtında çıxış etmirdilər, sərt mövqe sərgiləmirdilər? İndi iş işdən keçib, qanun qəbul olunub, artıq icrasına başlanır, deputatların indi yadına düşüb ki, taksi sürücüləri işsiz qalacaq.
Taksilərlə bağlı qərarı sosial tərəfə çəkmək, işsizliklə əlaqələndirmək doğru deyil, bəziləri məqsədli şəkildə məsələni o tərəfə çəkirlər, amma belə deyil. Bu, xidmət sahəsidir, dünyanın heç bir yerində belə biabırçı xidmət yoxdur. Belə olan halda, dövlət artıq məsələyə müdaxilə etməli oldu. Pandemiya və müharibə dövründə bu sahədə çox problemlər yarandı, artıq xaotik vəziyyət yaranmışdı. Bu qədər “Prius” ölkəyə hardan gətirildi? Gömrüyə sorğu versəniz, görərsiniz ki, son 1 ildə ölkəyə minlərlə “Prius” markalı avtomobil gətirilib. Hamısı taksi üçün gətirilib. O maşınları sürənlərin hamısı normal sürücü deyil, içlərində dəlisi, narkomanı var, hətta elələri var ki, sürücülük vəsiqəsi yoxdur, amma taksi sürür, narkotikin təsiri altında gecə-gündüz oyaq qalıb maşın sürənlər var.
İndiyə qədər “Prius”ları bir ağacın başında görməmişik, ağacdan başqa hər yerə çırpılıblar. Hər cür qəzada yer aldılar.
İndi bu məsələni işsizliyə çəkmək, sosiallaşdırmaq sadəcə bəzi insanların pafoslu çıxışlarıdır. Bu sahə düzəlməlidir!”
E.Muradlı qeyd edib ki, islahatlardan sonra qiymət artımı gözlənilən olsa da, bu artım heç də fantastik məbləğdə olmayacaq:
“Bakıda 70 minə yaxın taksi var, bu islahatlar onları yarıbayarı azaltmayacaq, bu qədər maşın yoxdur, uzaqbaşı 10 mininə təsir göstərər. Onlar da çıxış yolunu tapacaqlar. Mərhələli şəkildə həll yolları tapılacaq, lakin təklif edirəm ki, bu məsələdə dövlət tərəfindən də addımlar atılsın.
İslahatlardan sonra qiymət artımı məsələsi gözləniləndir, çünki avtomobil parkı yenilənirsə, insanlar əlavə pul xərcləyib iş qurursa, əlbəttə ki, qiymət artımına gedəcəklər, amma düşünürəm ki, bu, fantastik artım olmayacaq”.
- “Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
- Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı
- AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Təcili
- “Qara qutu"nun incələnməsinə başlanıldı
- Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto
- AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi
- ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto
- Təyyarəmiz bu sistemlə vurulub - Təcili