“Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalın BUTA.TV-a müsahibəsi:
- 28 Mayda Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xocalıya getdi və Xocalıya ilk qayıdanlara yeni evlərinin açarlarını təqdim etdi. Bu addımın siyasi önəmindən təbii ki, saatlarla danışmaq olar. Mənəvi anlamı nədir, sizcə?
- Xocalıya qayıdışın məhz 28 May – Müstəqillik Günündə başlanması Azərbaycanın Zəfər tarixinə yazılan növbəti səhifədir. Bu, həm də Azərbaycana qarşı bir əsrdən çoxdur davam edən erməni terroru üzərində mütləq qələbəmizin simvolu hesab edilə bilər. Çünki XX əsrin əvvəlində 28 may günü Azərbaycan Xalq Cumhuriyyəti yaradılanda artıq erməni terroru ilə üzləşmişdik. Bakıda, Qubada, Şamaxıda törədilən soyqırımlar, qətliamlar tariximizin ağır səhifələridir. AXC bu mərhumiyyətlər üzərində quruldu, hətta İrəvan da daxil olmaqla, tarixi torpaqlarımızın ermənilərə verilməsi kimi yanlış addımlar atıldı. Əsrin sonlarında ermənilər Azərbaycan torpaqları hesabına “ikinci dövlət” qurmaq məqsədilə işğal müharibəsinə və soyqırım siyasətinə yenidən başladılar. Xocalı 100 illik soyqırım dəhşətinin “zirvəsi” idi və Xocalı düzündə təkcə insanlarımız qətlə yetirilmədi, xalq olaraq sındıq, yara aldıq. 30 ilə yaxın bu yara ilə yaşamışıq. Bu baxımdan, Xocalının azadlığa qovuşması və ora, ayaqyalın tərk edilən o torpaqlara qürurla qayıtmaq fikrimcə, təkcə Azərbaycanın yox, bəşər tarixində də xeyirin şər üzərində qələbəsinin simvoludur. Bunun məhz 28 may tarixində baş verməsi isə bütün dünyaya şər üzərində qələbə qazandığımızın, torpaqlarımızda 100 ildən artıqdır davam edən erməni terrorunun məhv edildiyinin mesajıdır. Təbii ki, burada Azərbaycan xalqına verilən mesaj da var: ağrılı-acılı günlər geridə qaldı və bunun təkrarlanmasına bir daha imkan verilməyəcək. Prezident İlham Əliyev xocalılarla görüşündə bunu açıq şəkildə ifadə etdi.
- Sosial şəbəkələrdə bir foto yayılıb: dediyiniz kimi, 1992-ci ildə Xocalıdan ayaqyalın çıxanlar və 2024-cü ildə Prezident, xanımı və qızının ora ayaq basması…
- Bu, həm qələbəmizin, həm də ədalətin rəsmidir. Bu rəsm ədalətin gec-tez zəfər çalmasının isbatıdır. Hər şeyin fövqündə isə Prezident İlham Əliyevin Xocalıya qayıdış da daxil olmaqla, yaşadığımız Zəfərin qazanılması üçün apardığı ardıcıl mübarizə, bu mübarizədə Mehriban xanım Əliyevanın onunla daim çiyin-çiyinə döyüşməsi, ailəsinin Prezidentin yanında olması dayanır. Vəzifəsindən və kimliyindən asılı olmayaraq, Xocalı bütün azərbaycanlıların qəblindəki yara idi və Pezident də, ailəsi də bir azərbaycanlı kimi bu yaranın ağırlığını yaşayıb. İndi hamımızın – bütün xalqımızın sağalma dövrüdür, çünki Xocalının, qırılan qürurumuzun qisasını aldıq. 1992-ci ildə insanlarımızın ayaqyalın tərk etdiyi Xocalıya qayıdışın Prezident və ailəsinin iştirakı ilə baş tutmasında daha bir incə mesaj da var: dövlət başçısı xocalılara hər şeyin geridə qaldığını, təhlükənin tamamilə aradan qalxdığını göstərdi. Xocalıya ailəsi ilə birlikdə getməklə bütün xocalılara “ailənizlə, övladlarınızla birlikdə bu torpaqlarda təhlükəsiz, rahat yaşayacaqsınız” mesajını verdi. Çünki 30 ildən çox vaxt keçsə də, heç bir təhlükə olmasa da, o dəhşətli günləri yaşayan xocalıların psixologiyasında travma yaşayır. Prezident İlham Əliyev də bu narahatlığı tamamilə aradan qaldırmaq üçün təkcə sözlə yox, əməllə də incə bir gediş etdi. Bu torpaqlarda təhlükəsizliyin və sabitliyin dəyişməz olacağını göstərmiş oldu.
- Bundan sonra bizim Xocalı soyqırımına münasibətimiz necə olmalıdır? Bu qanlı səhifə qapanmalıdır, yoxsa hər il xatırlanmalı və beynəlxalq müstəvidə tanıdılma prosesi davam etdirilməlidir?
- Tarixi unudanda təkərrür edir, nə Xocalını, nə də işğal günlərini unutmalıyıq. Tarix sübut edib ki, ermənilər nə qədər sülhdən bəhs etsə də, zəif olduğumuz anı gözləyirlər. Hətta 50 il, 100 il keçsə də, onların içində yenidən eyni əməlləri törətmək arzusunun olacağı istisna edilməməlidir. Prezident İlham Əliyev də Xocalıda bəyan etdi ki, Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var və buna qarşı həm hərbi, həm diplomatik müstəvidə hər an hazır olmalıyıq. Buna görə Xocalını unutmamalı, beynəlxalq müstəvidə tanınması istiqamətində işləməliyik. Onu da qeyd edim ki, işğal dövrü ilə müqayisədə indi – işğala son qoyulduqdan sonra Xocalı soyqırımını tanıtmaq üçün imkanlarımız daha da artıb. Çünki indi biz soyqırımın törədildiyi yerdəyik, o dəhşətli tarixi əyani şəkildə dünya ictimaiyyətinə çatdıra bilərik. Fikrimcə, II Dünya müharibəsindən sonra yəhudilərin nasistlərə qarşı tətbiq etdiyi plan Azərbaycan üçün də presedent ola bilər.
Birincisi, Ermənistan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəməlidir. Prezident İlham Əliyev də bunu qeyd etdi. Həmçinin, Ermənistan vurulan mənəvi-maddi zərərə görə təzminat ödəməlidir. II Dünya müharibəsindən sonra Almaniya nasistlərin törətdiklərinə görə təzminat ödədi, cavab verdi və məhz verdiyi qurbanlara görə xalq olaraq nasizmi rədd etdilər, bu siyasətdən imtina etdilər. Ermənistan da həm dövlət, həm xalq olaraq daşnakların, terrorçuların törətdiklərinə, bir sözlə hər şeyə görə cavab verməlidir. Yalnız bundan sonra revanşizmdən imtina edəcəklər və bu halda regiona əbədi sülh gələcək. Əks təqdirdə, miflər üzərində qurulan erməni xəstəliyi tamamilə aradan qalxmayacaq. Bu gün bütün məğlubiyyətə rəğmən hələ də ərazi iddiaları irəli sürmələri indiyə qədər törətdiklərinə görə cavab verməmələrindən irəli gəlir.
İkincisi, Xocalı soyqırımında iştirak edən bütün terrorçular cəzalandırılmalıdır. 44 günlük müharibə və sonrasında terrorçuların bir qismi cəzalandırılıb, lakin bu proses davam etməlidir.
- Prezidentin xocalılarla söhbətində ən təsirli məqam, sizcə, nə idi?
- Fikrimcə, həm təsirli, həm də xalq olaraq bizi güclü, inamlı hiss etdirən məqam Prezidentin “Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək” sözləri idi. Bu, verdiyi bütün sözlərə əməl edən, bu ölkəyə, bu xalqa qələbəni bəxş edən liderin Xocalıda yaralanmış xalqını təmin etməsi idi.
- İlham Əliyev xocalılarla görüşdə dedi ki, Xocalı soyqırımı ilə bağlı memorial kompleksin planı hazır idi. Amma mən düşünürdüm ki, o abidə Bakıda yox, Xocalıda qurulmalıdır...
- Xocalı soyqırımı ilə bağlı memorial kompleksin planı 2013-cü ildə hazırlanmışdı. O zaman nəinki Vətən müharibəsi, bu müharibənin giriş səhifəsi olan Aprel döyüşləri də baş verməmişdi. Və Azərbaycan ictimai rəyində “Qarabağın itirildiyi”, “torpaqların azad edilməyəcəyi” fikri tədricən ön plana çıxırdı. Hətta Əliyevin opponentləri “bu hakimiyyətlə torpaq azad etmək mümkün olmayacaq” kimi siyasi etikadan uzaq ittihamlar da səsləndirirdi. Bütün bunlar baş verəndə heç kəs İlham Əliyevin nə düşündüyünü, nəyi planlaşdırdığını, qələbəyə doğru addım-addım necə yaxınlaşdığını bilmirdi. İndi bəlli olur ki, dövlət başçısı Bakıda qoyulması planlaşdırılan Memorial kompleks layihəsini bir gün Xocalıda qoyulması üçün təxirə salıb. Bunu həmin vaxt desəydilər, yəqin ki, çoxları inanmazdı. İlham Əliyevin böyüklüyü də burdadır. O, heç vaxt nəticə əldə etmədən sırf siyasi divident qazanmaq üçün nədənsə danışmayıb, səssiz şəkildə hədəfə doğru irəliləyib və bu mübarizədə çəkdiyi əziyyəti belə xalqı ilə bölüşməyib, əvəzində bizi yalnız qələbəyə ortaq edib. Memorial kompleks layihəsini də bir gün Xocalıda qoyulması üçün saxlaması bunun nümunələrindən biridir.
- Tam səmimi, biz İlham Əliyevin borcundan çıxa biləcəyikmi? Bu haqqı qaytarmaq mümkündürmü?
- İlham Əliyev Azərbaycanın son 270 illik tarixinin məğlubiyyət səhifəsini bağlayan, qələbə səhifəsi açan yeganə və şəriksiz liderdir. Məsələ təkcə torpaqlarımızın azad edilməsi yox, xalq olaraq iki əsrlik tariximizin dəyişdirilməsi, öz tariximizin özümüz tərəfdən yazılmasının başlanmasıdır. Yaşadığımız müharibələri, soyqırımları, qətliamları, işğal dövrünün mənəvi ağırlığını düşünəndə İlham Əliyevin Azərbaycana, Azərbaycan xalqına etdiklərini təsəvvür etmək, sözlə ifadələndirmək mümkün deyil. Ona görə nə etsək də İlham Əliyevin borcundan çıxmağımız, ona bizə bəxş etdiklərinin əvəzini qaytarmağımız mümkün deyil. Əslində o, bütün bunları əvəzini almaq üçün etməyib, sadəcə xalqına xidmət edib. Bu xidməti nə xalq, nə tarix unudacaq. Bizim xalq olaraq ona şükranlıq və minnətdarlığımız əbədidir...
- Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq
- Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?
- Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...
- Təyyarə qəzası necə baş verib? - Detallar
- Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
- “Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
- Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı
- AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Təcili