Bahalı telefonun qutusunu açıb kameraya göstərmək, yeni avtomobili ilə görüntülər paylaşmaq, villadan və bağ evindən video çəkmək...

Sosial şəbəkələrdə dəbdəbəli həyat görüntüləri artıq adi hala çevrilib. Xüsusilə bəzi müğənnilər və şou-biznes nümayəndələri aldıqları ən son model telefonları, bahalı avtomobilləri və dəbdəbəli evlərini izləyicilərinə nümayiş etdirirlər.

Amma bu tendensiya yalnız tanınmışlarla məhdudlaşmır. Adi vətəndaşlar arasında da imkanından baha telefon alan, kreditə avtomobil götürən və bunu sosial şəbəkədə nümayiş etdirənlər az deyil.

Bəs insan niyə maddi imkanından kənara çıxaraq daha varlı görünməyə çalışır?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Samirə Bağırova bildirib ki, bunun əsas səbəblərindən biri insanın özünə verdiyi dəyərin aşağı olmasıdır:

“Bu mövzuda əsas sual budur: insan niyə imkanından baha görünməyə çalışır?

Birinci səbəb özünədəyərin aşağı olmasıdır. İnsan öz dəyərini daxili xüsusiyyətlərindən çox, başqalarının ona münasibəti ilə ölçür. Maddi əşyaları həmin dəyərin “sübutu” kimi istifadə edir.

İkinci səbəb status ehtiyacıdır. Bahalı telefon, avtomobil və ev bəzən “mənim imkanım var”, “mən də uğurluyam” mesajını vermək və başqaları tərəfindən təsdiq almaq, qəbullanmaq istəyir”.

Psixoloq vurğulayıb ki, belə paylaşımları izləyən insanların motivləri də fərqli olur:

“Üçüncü səbəb isə insan olmaq istədiyi şəxsin obrazını əvvəlcə maddi əşyalar vasitəsilə qurur. Burda artıq əşya ilə kimlik yaratmağa çalışır və əşya “mən kiməm” sualını insanlar üçün cavaba çevirir.

Məsələ burasındadır ki, insan varlı olduğu üçün bahalı şeyləri göstərmir, özünü varlı hiss etmək üçün bahalı əşyalara ehtiyac duyur. Sosial şəbəkə isə bu hissi təsdiq edən bir vasitədir. İzləyicilər isə özünü həmin həyatın içində təsəvvür edənlər, sosial statusa heyranlıq keçirənlər, özünü müqayisə edənlər, xəyalən öz gündəlik həyatından qısa müddətlik başqa, daha dəbdəbəli dünyaya keçid edənlərdir. Paradoks olaraq hər iki tərəf illuziya dünyasında yaşayanlardır”.

“Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi “Köləlik zəncirimi qırmağa cəsarət edirəm” – 20 ilin müəllimi bu sözlərlə istefa verdi