İrəvandan Şuşa sammiti öncəsi təxribat: Məqsəd nədir?

07:02 - 5 İyul 2024 - SİYASƏT

 İrəvandan Şuşa sammiti öncəsi təxribat: Məqsəd nədir?

Macarıstanın Ermənistanın Avropa Sülh Fondundan 10 milyon avro yardım alması ilə bağlı qoyduğu embarqonu geri götürməsi haqda yayılan məlumatlar iki kontekstdə qiymətlədirilə bilər: birincisi, bu infotəxribatdır; ikincisi, rəsmi Budepeşt Bakının maraqlarını nəzərə almaq şərti ilə bu addımı atıb.

Bu sözləri BUTA.TV-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Ermənistan mediasında yayılan məlumatları şərh edərkən deyib.

Ermənistan mediası diplomatik mənbələrə istinadən iddia edir ki, Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım ayrılması ilə bağlı embarqonu ləğv edib, bu il ərzində nəzərdə tutulan 10 milyon avro yardımın verilməsi reallaşa bilər. Hətta yardımın verilməsinin iyulun 22-də təsdiqlənəcəyi bildirilir.

A.Camal isə hesab edir ki, bu informasiyanın indi ortaya atılması təsadüfi ola bilməz:

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

“Macarıstan Avropa Sülh Fondundan Ermənistana maliyyə yardımının ayrılmasına veto qoymuşdu. Çünki belə bir yardımın əslində Ermənistanın hərbi xərcləri üçün nəzərdə tutulduğu bəllidir. Hələ Avropa Birliyi-ABŞ-Ermənistan formatında keçirilən 5 aprel tarixli məlum görüşdə bununla bağlı qeyri-rəsmi qərarlar qəbul edilmişdi. Ermənistana hərbi xərclər üçün maliyyə yardımının ayrılmasını müxtəlif adlar altında həyata keçirməyə çalışırlar. Avropa Sülh Fondunun İrəvana ayırmaq istədiyi 10 milyon avro da eyni məqsədə xidmət edir. Macarıstan buna embarqo qoydu və əsas şərt kimi eyni məbləğdə yardımın Azərbaycana ayrılmasını irəli sürdü. İndi Ermənistan mediası qəfil Budapeştin vetonu qaldırdığı iddiası ilə çıxış edir və bu informasiya məhz indi – Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Şuşa sammitində iştirak etmək məqsədilə Azərbaycana səfəri ərəfəsində ortaya atılır. İstisna edilməməlidir ki, bu, infotəxribatdır və Budapeştlə Bakının münasibətlərinin etibarsızlaşdırılmasına hesablanıb. Bu baxımdan, məsələyə ehtiyatlı yanaşmamız lazımdır”.

Politoloqun fikrincə, Macarıstanın embarqonu Azərbaycana yardım şərti ilə geri götürməsi də mümkün variantlardandır:

“Hazırda rəsmi informasiyalar olmadığı üçün bu haqda dəqiq nəsə demək mümkün olmasa da, ehtimallar Budapeştin yalnız bu halda geri çəkilə biləcəyini deməyə əsas verir. Çünki Macarıstan-Azərbaycan münasibətləri rəsmi Budapeştin belə bir addım atması gözləntisini arxa plana keçirir, digər tərəfdən, Prezident İlham Əliyevlə Baş nazir Viktor Orbanın arasındakı şəxsi münasibətlər də bu ehtimalı artırır. TDT-nin müşahidəçi üzv ölkəsinin rəhbəri kimi Şuşa sammitində iştirak edən Orbanın Azərbaycanın maraqlarını nəzərə almadan addım atmayacağı bəlli məsələdir”.

A.Camal Avropa Birliyinin Macarıstanın embarqosunu geri çəkməsi üçün Azərbaycana 10 milyon avroluq yardımı fərqli formalarda etməsi variantını da istisna etməyib. Onun sözlərinə görə, bu yardım minaların təmizlənməsi, yaxud digər humanitar sahələrə xərclənmək üçün ayrıla bilər:

“Avropa Birliyinin Ermənistana yardımın önünü açmaq üçün Azərbaycana da eyni məbləğdə yardım ayırması ehtimalı böyükdür, digər tərəfdən, Azərbaycan siyasi və iqtisadi baxımdan rəsmi Brüssel üçün daha əhəmiyyətli tərəfdaşdır, nəinki Ermənistan. O baxımdan, Macarıstanın embarqosunu məhz Azərbaycana yardım şərtinin qəbul edildiyi halda geri götürməsi variantı daha inandırıcıdır”.

A.Camal onu da qeyd edib ki, bütün bu proses rəsmi Bakının həyata keçirdiyi siyasətin Azərbaycanın milli maraqlarının təmin edilməsi ilə nəticələndiyini bir daha ortaya çıxarır:

“Prezident İlham Əliyevin milli maraqlarımızın təmin edilməsi məqsədilə həyata keçirdiyi siyasi gedişləri həmişə müsbət nəticə verib. Avropa Birliyinin antibalans mövqe sərgiləyərək, Ermənistana yardım ayırmaq istəyinə qarşı Macarıstanın qoyduğu veto da bu strategiyanın tərkib hissəsi adlandırıla bilər və indiyə qədər rəsmi İrəvana yardımın ayrılmaması bunun nəticə verdiyini deməyə əsas verir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol