Ukrayna hər ay 27 min hərbçi itirir... - Tusk
Rusiya ordusunun yeni taktikasına görə Ukraynanın hər ay, təxminən, 27 min hərbçisi həlak olur.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Donald Tusk deyib.
Tusk qeyd edib ki, Rusiyanın yeni strategiyası reaktiv pilotsuz uçuş aparatlarından kütləvi istifadəyə əsaslanır.
“Son dövrdə çox mənfi xarakterli dəyişiklik baş verib. Rusiya yeni tip pilotsuz uçuş aparatlarını – reaktiv dronları geniş şəkildə tətbiq edir. Bu dronlar daha yüksək sürətlə hərəkət edir və hədəfi vurmazdan əvvəl daha böyük yüksəkliklərdə fəaliyyət göstərir”, – deyə Tusk bildirib.
Onun sözlərinə görə, son vaxtlar Ukraynada hər ay 27 min nəfər həlak olur və ya yaralanır ki, bu da müharibənin gedişində ən yüksək göstəricilərdən biridir.
Polşa hökumət başçısı belə tendensiyanın davam edəcəyi təqdirdə Ukrayna üçün qarşıdan gələn qışın “faciəli nəticələrə” səbəb ola biləcəyini deyib.
Tusk əlavə edib ki, Rusiya Ukraynanın iqtisadiyyatını və logistika sistemini mümkün qədər geniş miqyasda məhv etməyi hədəfləyir.
O bildirib ki, yaxın dövrdə altı böyük Ukrayna şəhərinə yüksək intensivlikli hücumların, o cümlədən müdafiə üçün vacib məhsulların saxlandığı anbarlara və dəmir yolu infrastrukturuna zərbələrin gözlənildiyi barədə məlumatlar var.