Sübhaninin təxribatçı açıqlamalarının hədəfi budur!

17:02 - 6 Sentyabr 2024 - GÜNDƏM

 Sübhaninin təxribatçı açıqlamalarının hədəfi budur!

Cənubi Qafqazda kommunikasiyanın açılması və Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə bağlı danışıqlar nə vaxt aktuallaşırsa, İran “köhnə mahnını” ifa etməyə davam edir. “Ermənistanın sərhədləri “qırmızı xəttimizdir”, “Zəngəzur dəhlizi adlanan layihə reallığa çevrilə bilməz” və bu kimi əsassız, məntiqsiz mövqe sərgiləyirlər. Və hər dəfə bir sual yenidən aktuallaşır: bütün bunların İrana nə aidiyyəti var? Hər dəfə də bu sual İran tərəfindən cavabsız qoyulur, lakin kommunikasiyaların açılması aktuallaşan kimi Tehran yenə məntiqsiz mövqeyini gündəmə gətirir.

Bölgədə kommunikasiyaların açılmasının aktuallaşması fonunda iki həll variantından bəhs olunur.

Biri Azərbaycanın qərb rayonları ilə Naxçıvana “maneəsiz keçid”in “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açılmasıdır. Bu marşrutdan istifadə edən digər ölkələrdən fərqli olaraq, Azərbaycandan Naxçvana gedən sərnişinlər və daşınan yüklər sərhəd və gömrük yoxlanışına məruz qalmır. Hərçənd, bu variantda təhlükəsizliyin hansı formada təmin edilməsi açıq olaraq qalır. 30 illik işğal və törədilən vəhşiliklər Azərbaycan vətəndaşlarının taleyini Ermənistanın ümidinə buraxılmasına risklər yaratdığı üçün Naxçıvana maneəsiz keçidin təhlükəsizliyinin təmin edilməsi əsas şərtlərdəndir.

Digəri kommunikasiyanın 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun formada açılmasıdır. Azərbaycanın qərb rayonlarından Naxçıvana çıxış maneəsiz şəkildə təmin edilir və dəhlizdə təhlükəsizliyi Rusiya sərhəd xidməti yerinə yetirir. Bu, təhlükəsizliyin təmin edilməsi və regional kommunikasiyanın açılmasında ən məqbul variantdır. Lakin Ermənistan razılaşmır və bölgədə maraqları olan Qərb ölkələri bu məsələdə İrəvanı dəstəkləməklə prosesi tormozlamağa çalışırlar.

Rusiya regiondankənar qüvvələri uzaqlaşdırmaq və prosesi dalandan çıxarmaq üçün Ermənistanın da maraqlarının nəzərə alındığı variant irəli sürür. Bu variantda Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin edilir və gedən sərnişinlər, eləcə də daşınan yüklərin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin edir. Ermənistanın tələb etdiyi “suvernelik məsələsi” də nəzərə alınır.

Göründüyü kimi, variantlar və təkliflər çoxdur, nəticə etibarilə məqsəd regional kommunikasiyanı blokadadan çıxarmaq və bölgənin inkişafına nail olmaqdır. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, ardınca Bakı-İrəvan xəttində telefon diplomatiyasının artan trafiki müəyyən müzakirələrin aparıldığını göstərir.

İran isə prosesi tormozlamaq mövqeyi tutur. İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan yarırəsmi “Tasnim” agentliyi Tehranın Moskvaya Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq etdiyini yazır. İranın Ermənistandakı səfiri, təxribatçı mövqeyi ilə tanınan Mehdi Sübhani rəsmi İrəvanın özünə “xəbərdarlıq” edir. İranın yeni təyin olunmuş naziri Abbas Arakçı da “sərhədlərin dəyişilməsinin “qırmızı xətləri” olduğu” mövqeyini yenidən təkrarlayır. Lakin İran rəsmiləri əsas suallara cavab vermirlər:

- Azərbaycan, Rusiya və Ermənistan dəhlizlə bağlı, yaxud kommunikasiyanın açılmasına dairə müzakirə aparırsa və ya razılaşma əldə edirsə, bütün bunların İrana nə aidiyyəti var?

- Kommunikasiyanın blokadadan çıxarılmasından İran da daxil olmaqla regionun bütün ölkələri divident əldə edəcək: bəs, Tehran niyə bu dividentləri öz əleyhinə hesab edir?

- Bakı-Moskva-İrəvan xəttində danışıqların aparılması, razılaşmaların əldə edilməsi kənar oyunçuların regiondakı iştirakını məhdudlaşdırır: İran həqiqətən də “kənar qüvvələrin regiona cəlb edilməsinə” qarşıdırsa, o zaman, kommunikasiyanın açılmasını nə üçün süngü ilə qarşılayır?

- İran “ərazi bütövlüyünün toxunulmazlığı” dedikdə nəyi nəzərdə tutur, Ermənistan ərazi bütövlüyünü rəsmi İrəvandan daha çox istəyir?

- Və nəhayət, İrəvanın maraqlarını qoruduğunu iddia edən İran kommunikasiyanın açılmasına qarşı çıxmaqla, niyə Ermənistanın “dalan ölkə” olaraq qalmasını istəyir?

Bütün bu suallar cavabsız olaraq qalır və rəsmi Tehran heç birinə aydınlıq gətirmədən, tutduğu mövqedən əl çəkmir. Əslində burada ortaya bir nəticə çıxır: İran dəhlizin açılması, kommunikasiyanın blokadadan çıxarılmasının perspektivlərini anlamır və özünün də nə dediyini başa düşmür. Görünür, bölgənin perspektiv inkişafı və İranın qazanacağı dividentlər haqda Tehranda məlumatsızdırlar, yaxud baş verənləri doğru oxuya, düzgün qavraya bilmirlər. Əks təqdirdə, rəsmi Tehranın mövqeyi bu qədər ziddiyətli və qarışıq olmazdı, eyni zamanda, İran dövlətinin regional siyasətinə Ermənistandakı səfiri Mehdi Sübhani kimi təxribatçı yön verməzdi.

Mehdi Sübhani: İranın Ermənistandakı səfiri, rəsmi İrəvanın sözçüsü, yoxsa regiondankənar qüvvələrin – Qərbin “təsir agenti?”

Bu, müəmmalı olaraq qalır. O dəqiqdir ki, Sübhani təmsil etdiyi İranın maraqlarından daha çox, ermənilərin marağından çıxış edir. Onun bütün çıxışları İran-Azərbaycan münasibətlərini baltalamağa, iki ölkə arasında nifaq toxumları səpməyə hesablanıb. Sübhaninin təxribatçı açıqlamalarının hədəfi də budur.

- “Zəngəzur dəhlizi adlanan layihənin icrasına heç vaxt imkan verməyəcəyik” deyir.

- “Azərbaycan torpağı işğal altına olmadığı üçün, Ermənistana hücum edə bilməz” iddiasını irəli sürür;

- Vaxtilə Azərbaycanı “Qarabağı blokadada saxlamaqda” ittiham edirdi, indi də “Qarabağ ermənilərinin hüquqlarını qorumaqdan, onların Azərbaycan ərazisində istədikləri kimi yaşamasından” danışır, separatizmə dəstək verir;

Təxribatçı diplomatın fəaliyyəti haqda məlumatlar da bu kontekstdə diqqət çəkir. Məlumatlara görə, Sübhaninin Tehrana göndərdiyi hesabatlar böyük ölçüdə Ermənistanın Azərbaycana qarşı silahlandırılmasına, İrəvanın iqtisadi və siyasi müstəvidə dəstəklənməsinə həsr olunub. Bununla yanaşı, Sübhaninin İran Xarici İşlər Nazirliyini Ermənistanın bölgəyə Qərb qüvvələrini gətirməsi haqda yanlış məlumatlandırdığına dair informasiyalar mövcuddur. İrəvanın bölgəyə regiondankənar qüvvələri yerləşdirməsi fonunda Sübhaninin Ermənistanı deyil, Azərbaycanı hədəf alması da bu kontekstdə təsadüfi deyil.

Sübhaninin hələ 90-cı illərdə Qərb kəşfiyyatının təsirinə düşdüyü haqda məlumatlar var. 1990-cı illərdə İranın Bakıdakı səfirliyində III və II katib kimi çalışan zaman o, Bakı-Tiflis-Ceyhan layihəsinə qarşı çıxır, Xəzərin enerji resurslarının İrandan keçirilməsi məsələsini irəli sürürdü və bu layihəni dəstəkləmələri üçün Qərb ölkələrinin diplomatları ilə təmaslar qururdu. Sübhaninin Qərb kəşfiyyatının diqqətinə həmin vaxt düşdüyü və təmasların bu gün də davam etdiyi deyilir. Onun İrəvanda səfir kimi fəaliyyətə başladıqdan sonra Qərbin Ermənistan üzərindən bölgədə möhkəmlənməsini dolayısı yolla dəstəkləməsi, ABŞ və NATO qüvvələrinin İran sərhədlərində kəşfiyyat aparması haqda rəsmi Tehranı yanlış məlumatlandırması bu şübhələri daha da artırır.

İstisna deyil, İranın kommunikasiyanın açılması və Zəngəzur dəhlizi layihəsi ilə bağlı suallar yaradan mövqeyi də Sübhaninin yanlış məlumatlarından qaynaqlanır. Buna görə də rəsmi Tehranın açıqlamaları məntiqsiz və əsassızdır, hətta nə baş verdiyini özləri də doğru-dürüst anlamırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol