Son illər Azərbaycan dünya beyin mərkəzlərinin analitiklərinin iştirakı ilə qlobal gündəliyin aktual məsələləri ətrafında faydalı müzakirələrin aparıldığı məkan qismində çıxış edir. Dinamik iqtisadi inkişaf, artan imkanlar, Qlobal Şərqlə Qlobal Qərb arasında etibarlı körpü olması, yeni çağırışlara həssas yanaşma sərgiləməsi və əlbəttə ki, cəmiyyətin tolerantlğı Azərbaycanın cəlbediciliyini artıran əsas amilllərdir.
BUTA.TV xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
O bildirib ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində işinə başlayan 7-ci ADA beynəlxalq forumu üçün “Yeni Dünya Nizamına Doğru” mövzusu seçilib:
"Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. Aprelin 9-da Bakı şəhərində ADA Universitetinin evsahibliyi ilə davam edən forumda isə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib, beynəlxalq ekspertlərin çoxsaylı suallarını cavablandırıb".
Millət vəkilinin sözlərinə görə, dünyada müşahidə edilən proseslər və sürətlə dəyişən reallıqlar fonunda beyin mərkəzlərinin rolu artıb:
"Bəşəriyyət son dərəcə narahat bir dönəmdən keçir. Qloballaşma, iqlim dəyişmələri, coğrafiyası genişlənən müharibələr, yeni sənaye inqilabı, süni intellekt erasına keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Bu çağırışlar fonunda qlobal və milli gündəliklər uzlaşdırılmalı, necə deyərlər, qızıl orta müəyyənləşdirilməli, təcrübə mübadiləsi aparılmalıdır. Burada yüksək səviyyəli analitiklərin çalışdıqları beyin mərkəzlərinin rolu önə çıxır. Prezident İlham Əliyev Forumda qlobal aktual problemlər, yeni dünya nizamı, Cənubi Qafqaz regionunda vəziyyət, postmünaqişə dövründə baş verən proseslər və digər aktual məsələlərlə bağlı dərinməzmunlu, düşündürücü və praqmatik yanaşma ortaya qoyub.
Cənubi Qafqazda vəziyyətə gəlincə, dövlət başçısının dediyi kimi, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Müharibədən sonrakı vəziyyət isə əsasən Ermənistandan asılıdır. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağda erməni separatizminin kökünü kəsib. Ancaq nəzərə alaq ki, sülh sazişi imzalanmayıb. Ona görə də, dövlətimiz potensial təhlükələri nəzərə alaraq özünü müdafiə etməyə və Ermənistanın təxribatlarına cavab verməyə hər an hazır olmalıyıq. Dövlətimizin başçısı sülh sazişinin imzalanması perspektivləri iə bağlı bildirib: “Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq. Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan güclü dövlət kimi, regionda söz sahibidir və yeni düzən formalaşdırır:
"Eyni zamanda, Azərbaycan dünyada etibarlı tərəfdaş imicini möhkəmləndirir, dostlarının sayını davamlı olaraq artırır. Məhz bu səbəbdəndir ki, müxtəlif ölkələr arasında yaranan problemlərin həllinə Azərbaycan dost ölkə olaraq töhfələr verir. Buna vaxtilə Türkiyə ilə İsrail arasında yaranmış gərginliyin aradan qaldırılması nümunəsini göstərmək olar. Cənab Prezident bununla bağlı qeyd edib: “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik. İsrail də Azərbaycan üçün dost ölkədir. Bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir”.
ABŞ-la münasibətlərə gəlincə, dövlət başçısının dediyi kimi, Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil. Dövlətimizin başçısı qeyd edib ki, biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olmuşuq. Çünki ABŞ dünyanın ən güclü dövlətidir. Tramp administrasiyasının indiki siyasəti isə daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi ölkəmiz üçün prioritetdir. Bütövlükdə, beynəlxalq Forum yeni dünya nizamına ölkəmizin baxışının təqdimi baxımından mühüm tədbirdir".
- Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
- Bakıda 4-cü sinif şagirdi itkin düşdü - FOTO
- 32 yaşlı operatora iynə vurulduqdan sonra öldü
- “Onu deyən adamlar...” - Ziya Məmmədovdan onu tənqid edənlərə SƏRT MESAJ
- Anarın “uçan taksi”si və DİN-in qəribə çağırışı...
- Prezident nəvələri ilə idmanda - FOTO
- Trampdan Rusiya ilə bağlı sərəncam
- Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat