Xəbər verdiyimiz kimi, “Bağdan” brendi ilə satışa çıxarılan tomat pastasının kifli olması barədə AQTA-ya müraciət etmiş və 2 ay 2 gün keçməsinə baxmayaraq, qurumdan rəsmi cavab ala bilməmişdik.
Ötən gün bununla bağlı yazı dərc edildikdən sonra AQTA iki aydır almaq istədiyimiz cavabı BUTA.TV-a təqdim edib.
Əvvəlcə cavaba baxaq:
“Mediada "Bağdan" əmtəə nişanlı tomat pastasının kifli olması ilə bağlı yayılan məlumat və vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb. Nəzarət tədbiri zamanı ticarət obyektində sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulduğu aşkar edilməyib. “Bağdan” əmtəə nişanlı 09.05.2024-cü il istehsal tarixli və yararlılıq müddəti 09.05.2027-ci il olan məhsuldan nümunə götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan müayinələrin sınaq protokoluna əsasən, məhsulda uyğunsuzluq aşkarlanmayıb. Qeyd edək ki, qida məhsullarının saxlanma şəraiti və temperatur rejiminə əməl olunması bu baxımından xüsusi əhəmiyyət kəsb edir”.
AQTA-nın ümumi sözlərlə yazdığı “cavab”da açıq qalan suallar:
1. AQTA niyə 2 ay 2 gün ərzində israrlı sorğularımıza cavab vermədi və yalnız AQTA-nın susduğu barədə məqalə dərc ediləndən sonra ümumi sözlərdən ibarət heç bir dəlil olmayan cavaba “tələsdi”?
2. Cavabda “Bağdan”da hansı tarixdə yoxlama aparıldığı, laboratoriyaya nə vaxt nümunə verildiyi və nə vaxt cavabının məlum olduğu niyə yoxdur?
3. Şikayətçi (şikayəti verən – yəni məhsulu mağazadan alan və kifli olduğunu görən redaksiyanın əməkdaşıdır) ilə 12 fevralda 3 dəfə əlaqə saxlayan AQTA nümayəndələri məhsulun alındığı ünvanı da soruşub. Səbəb kimi saxlanma şəraitini də araşdıracaqlarlarını bildiriblər, çünki məhsulun saxlanma şəraiti və temperatur da bu məqamda rol oynaya bilər. “Qeyd edək ki...” ilə “tövsiyə” yazan AQTA məhsulun saxlanma şəraiti ilə maraqlanıbmı və onun nəticəsi niyə cavabda əks olunmayıb? Yoxsa “məhsulun saxlanması” günahını alıcının üzərinə yıxmaq istəyir? Axı, AQTA-ya qəbz təqdim edilib və orada məhsulun alınma və müraciət tarixləri var. Məhsul alınan kimi müraciət edilibsə, “saxlanma şəraiti” məsələsi kimə “tövsiyə” edilir?
4. Şikayətçiyə niyə 2 ay 3 gün ərzində heç bir məlumat verilməyib?
5. Şikayətçidən tomat pastasını istəmək və onu araşdırmaq niyə AQTA görəvlilərinin ağlına gəlməyib? Yoxsa maraqlarına uyğun deyil?
6. Vətəndaş şikayətinə və redaksiyanın sorğusuna bu qədər laqeyd yanaşan AQTA hansı prinsiplərlə işləyir və kimə xidmət edir?
7. Ölkədə vaxtaşırı olaraq kütləvi zəhərlənmələr baş verir və AQTA yalnız insanlar zəhərlənəndən və yaxud zəhərlənib öləndən sonra hərəkətə keçir. Qida təhlükəsizliyi xalqın genefondunun qorunmasında müstəsna rol oynayır. Sizə elə gəlmirmi ki, proseslərin arxasında qalırsınız?
8. Əgər bir redaksiyanın təqdim etdiyi şikayətə bu cür “baxılırsa”, sizə kim güvənib şikayət edəcək və istehsalçı hüquqlarının qorunmasında yardımçı olmağınızı xahiş edəcək?
İnanmaq istəyirik ki, hörmətli AQTA rəhbərliyi və həkim-gigiyenist, siyasi elmlər bakalavrı dərəcəli tibb elmləri üzrə fəlsəfə doktoru və uzun müddət Gigiyena və Epidemioloji Mərkəzdə çalışan qurum rəhbəri Qoşqar Təhməzli komandasının daha həssas yanaşma sərgiləməsinə nail olacaq.
- Bakı müstəmləkə əsarəti altında olanlara dəstək verəcək
- Saakaşvili Əliyevdən yazdı: O, təkcə regionun lideri deyil!
- İlham Əliyev fərman imzaladı
- Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video
- Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto
- Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar
- “Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...
- Sloveniya XİN başçısı İrəvan və Bakıya gəlir