Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

15:20 - 29 May 2025 - GÜNDƏM

 Ərdoğanla Şahbaz Şərifin bu tədbirdə iştirakı... - Deputat

Azərbaycan dövlətinin xarici siyasəti milli maraqlara, beynəlxalq hüququn prinsiplərinə və regional sabitliyin qorunmasına əsaslanır. Dövlətimiz beynəlxalq arenada balanslı və çoxşaxəli siyasət yürütməklə, qonşu ölkələrlə dostluq münasibətlərini inkişaf etdirməyə, qlobal təşəbbüslərdə fəal iştirak etməyə və strateji tərəfdaşlıqları gücləndirməyə önəm verir. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda bir sıra dövlətlərlə, o cümlədən Türkiyə və Pakistan kimi qardaş ölkələrlə yüksək səviyyəli əməkdaşlıq münasibətləri qurub. Bu əməkdaşlıq münasibətləri, yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, humanitar, mədəni və hərbi sahələri də əhatə edir.

BUTA.TV xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar:

"Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Mayın 28-də Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü bu reallığın aydın göstəricisidir".

Millət vəkilinin sözlərinə görə, həmin gün Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirdə də Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirak etməsi də əsl qardaşlıq nümunəsidir:

"Hər üç lider tədbirdəki çıxışlarında bir daha birlik və həmrəylik mesajları verdilər. Bu baxımdan, Prezident İlham Əliyevin çıxışındakı bu məqam xüsusi vurğulanmalıdır: “Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.

Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə əsaslanan münasibətlər son dövrlərdə intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətlə daha da möhkəmlənib. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialına malikdir. Bu əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol