Bu gün – 30 iyun 2026-cı ildə Bakı şəhərinin Bilgəh qəsəbəsində uzun illər davam edən mübahisəyə hüquqi baxımdan nöqtə qoyulub. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı 7 ay gecikmə ilə də olsa, könüllü şəkildə icra edilib və Seymur Quliyevə məxsus 20 sot torpaq sahəsi onun istifadəsinə qaytarılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Musavat.com-a torpaq sahəsinin sahibi Seymur Quliyev məlumat verib.
Onun sözlərinə görə, məhkəmə qərarının icrası çərçivəsində torpaq sahəsinə aparan yol üzərində quraşdırılmış dəmir darvaza, şlaqbaum və digər fiziki maneələr cavabdeh Xatirə Allahşükür qızı Salahzadə tərəfindən sökülüb, ictimai avtomobil yolundan torpaq sahəsinə maneəsiz giriş təmin olunub.
Mübahisənin qarşı tərəfi keçmiş deputat Qalib Salahzadənin ailə üzvləridir. Cavabdeh Xatirə Allahşükür qızı Salahzadə Qalib Salahzadənin oğlu, sabiq deputat Əliabbas Salahzadənin həyat yoldaşıdır.
Mübahisənin predmeti Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 20 sot torpaq sahəsi idi. Həmin ərazi Seymur Quliyevin xüsusi mülkiyyəti olub və bu hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmi qeydiyyata alınıb. Torpaq sahəsinə dair çıxarış mövcuddur, mülkiyyət hüququ isə 7 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Lakin sonrakı illərdə torpaq sahəsinə gedən yol bağlanmış, giriş hissəsində darvaza, şlaqbaum və digər maneələr quraşdırılmışdı. Nəticədə mülkiyyətçi öz torpaq sahəsinə daxil olmaq və ondan istifadə etmək imkanından məhrum olmuşdu.
Uzun sürən məhkəmə proseslərindən, qalmaqallardan sonra, nəhayət, mülkiyyətçi öz əmlakına sahib olmaq hüququ əldə edib.
Seymur Quliyev bildirib ki, uzun illər davam edən hüquqi mübarizənin nəticəsində dövlət onun mülkiyyət hüququnu bərpa edib.
O deyib:
"Mən bütün məhkəmə instansiyalarından keçmişəm. Dövlət mənim mülkiyyət hüququmu tanıyıb. Bu gün Azərbaycan məhkəməsi özbaşınalıq və qanunsuzluq üzərində zəfər çaldı. 7 ay gecikmə ilə olsa da, məhkəmə qərarı icra edildi və mən öz torpaq sahəmə sərbəst keçə bildim. Azərbaycan dövlətinə vətəndaş olaraq mülkiyyət hüququmu bərpa etdiyinə görə təşəkkür edirəm".
- “Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri
- Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir
- Şeyxin qızı 20 il sonra torpaq sahəsini əsl sahibinə qaytardı
- Azərbaycanda bu nazir vəzifələri boşdur
- Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
- 30 il əvvəl taksi sürücüsünü öldürən şəxslərin məhkəməsi başlayır
- Hövsanda yeni ictimai çimərlik istifadəyə verildi
- "Sovetski" sakininin evi qanunsuz sökülüb? - Açıqlama