Bu, hibrid müharibənin bir elementi olaraq, indiyə qədərki silahlı münaqişələrdə görünməmiş bir modeldir. Məhz bu səbəbdən əməliyyatın detalları hazırda ciddi şəkildə incələnməkdədir. Əsas suallardan biri budur: Bu TIR-lar Rusiya ərazisinə necə keçib?
Bu sözləri BUTA.TV-a hərbi ekspert Elxan Şıxəliyev Ukrayna Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” əməliyyatında diqqət çəkən məqamları şərh edərkən deyib.
Onun sözlərinə görə, bu məsələdə Krım körpüsünün partladılması ilə oxşarlıq axtarılsa da, əslində əməliyyat düşünüldüyündən çox sadə həll olunub:
“Daha əvvəl Krım körpüsünün partladılması zamanı maşınların Ermənistan ərazisindən və Gürcüstan üzərindən keçid nümunələri mövcud idi. Lakin bu hadisədə Ukrayna təhlükəsizlik orqanları daha fərqli bir yanaşma ortaya qoyublar. Bu dəfə xüsusi əməliyyat birbaşa dronlar vasitəsilə və Rusiya daxilində həyata keçirilib. Çelyabinsk ərazisində FTX-nin ofisinin yaxınlığında yerləşən bir şirkət vasitəsilə ərazi icarəyə götürülüb. Həmin ərazidə fabrik şəraitində dronların yığılması, konteynerlərin texniki hazırlanması həyata keçirilib. Rusiya əleyhinə çıxış edən şəxslərin, xüsusilə Rusiya vətəndaşlarının iştirakı ilə digər ölkələrin vətəndaşlarının vasitəsilə dronların və konteynerlərin yığılması, TIR-lara yerləşdirilməsi və strateji obyektlərə yönəldilməsi prosesləri məhz Rusiya ərazisində baş verib. Bu fəaliyyətlərin il yarım ərzində planlı şəkildə həyata keçirilməsi – ərazinin icarəyə götürülməsi, detalların tədarükü, yığılması və logistika – ikinci ölkənin ərazisindən deyil, birbaşa Rusiya daxilində baş tutub. Bu isə onu göstərir ki, əməliyyat Ukraynanın xüsusi xidmət orqanları tərəfindən xüsusi qərargahdan idarə olunub və heç bir xarici müdaxilə və ya tranzitə ehtiyac olmadan həyata keçirilib. Əgər bu proses xarici ölkələrin ərazisindən təşkil olunsaydı, logistik və təhlükəsizlik baxımından ciddi problemlər yaşanardı”.
Ekspert vurğulayır ki, hərb tarixində yeni mərhələ kimi qiymətləndirilən bu üsuldan ilk dəfə 44 günlük Vətən müharibəsində istifadə olunub:
“Bu əməliyyat Ukrayna xüsusi xidmət orqanlarının müasir münaqişələr tarixində hibrid əməliyyat anlayışına yeni mərhələ gətirdiyini göstərir. Artıq klassik – yəni konvensional müharibə nəzəriyyələri və praktikaları köhnəlmiş hesab oluna bilər. Gələcək münaqişələrin taleyini isə FPV (First Person View) dronları və onların zərbələri həll edəcək. Bu gün biz dron sürülərinin kütləvi şəkildə istifadə olunduğu hücumlara şahid oluruq və bu tendensiyanın gələcəkdə digər ölkələrin hərbi doktrina və strategiyalarında öz əksini tapacağı qaçılmazdır.
Əslində, 44 günlük Vətən müharibəsində pilotsuz uçuş aparatlarının (PUA) kütləvi istifadəsini ilk dəfə biz həyata keçirdik. Bu model daha sonra bir çox ölkə tərəfindən tətbiq olundu. Ukrayna da bu taktikanı inkişaf etdirərək, xüsusi əməliyyatlar şəraitində dron sürülərinin istifadəsini yeni səviyyəyə qaldırdı və bu taktikanı hərbi elm baxımından Azərbaycan təcrübəsinə əsaslanaraq inkişaf etdirmiş sayıla bilər”.
Mütəxəssis qeyd edir ki, əməliyyatın uğurunu və təsirini qiymətləndirərkən, itkilər və istifadə olunan texnologiyalar xüsusilə önəmli məqamlar kimi diqqət çəkir.
“İtkilərə gəldikdə isə, istifadə olunan dronların sayına və bu əməliyyata sərf olunan vəsaitə baxıldıqda, Rusiyanın strateji obyektlərinə və hərbi təyyarələrinə vurulan zərbələrlə müqayisədə bu əməliyyatın effektivliyi özünü aydın göstərir. Bu, onu sübut edir ki, müasir müharibələr artıq böyük xərclər tələb edən silahlarla deyil, az maliyyə vəsaiti ilə hazırlanmış vasitələrlə də strateji hədəfləri sıradan çıxara bilər. Ukraynanın planladığı bu xüsusi əməliyyat hələ tam şəkildə öyrənilməyib. Xüsusilə də idarəetmə sistemi – yəni PUA-ların necə, hansı platforma üzərindən və hansı siqnallar vasitəsilə idarə olunması – texniki baxımdan araşdırılmağa davam edir. Böyük ehtimalla bu idarəetmədə Rusiyaya məxsus GPS sistemlərindən istifadə olunub. Nəticə etibarilə, bu əməliyyat həm müasir hərbi taktikaların inkişafı baxımından, həm də dövlətlərarası kəşfiyyat fəaliyyətlərinin yeni mərhələyə keçidi kimi mühüm bir dönüş nöqtəsidir”.
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
- Azərbaycan XİN Danimarkanı təbrik etdi
- Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı
- Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi
- Adil Əliyev Araz Musayevin iddialarına cavab verdi
- Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır
- Deputatdan sevindirici açıqlama: Bu, maaşın artmasına səbəb olacaq