Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…”

07:02 - 5 İyun 2025 - GÜNDƏM

 Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…”

Mayın sonunda Xantı-Mansi Muxtar Dairəsi Dumasının Kommunist Partiyasından olan deputatı, azərbaycanlı Xalid Tağızadə iclas zamanı “təhlükəli dərəcədə sərbəst” danışdı – o xatırlatdı ki, Yuqra və Tümen vilayətinin bir hissəsi bir vaxtlar özbək Şeybanilər sülaləsindən olan Kuçum xanın idarə etdiyi Sibir xanlığı olub. Yəni onun məntiqinə görə, bəzi miqrantlar “tarixi vətənlərinə qayıdırlar”.

Bu tezis Rusiyada elmi yox, əsəbi reaksiya doğurdu. Tarixi faktı xatırlatmaq cəhdi dərhal tənqidlə üzləşdi. Tağızadənin üzr istəməsinə baxmayaraq, onu vəzifəsindən kənarlaşdırdılar. Rəsmi səbəb isə Dumanın “nüfuzuna zərər yetirmək” kimi qeyd olunub.

Təxminən eyni vaxtda Vahid Rusiya Partiyasından olan Vorkuta şəhər dumasına namizəd Cəlil Rəfiyevin videosu internetdə viral oldu. O, rusca ləhcə ilə danışaraq, seçicilərinə həyatından bəhs edirdi: 90-cı illərdə Rusiyaya köçüb, işləyərək bir neçə mağaza açmağa nail olub. Bu, post-sovet məkanına xas tipik həyat hekayəsidir. Rusiya mediasının reaksiyası da özünə xas idi: istehzalar, miqrantlar barədə təhqiredici ifadələr. Rusiyalı deputat Mixail Matveyev isə həmkarı Valuyev və azərbaycanofob Zatulinin ənənəsinə uyğun olaraq, Rəfiyev haqqındakı rəylərə öz düşüncəsini əlavə etdi: “Hansısa Azərbaycan aulunda doğulub, 8 sinif bitirmiş adam indi deputatlığa namizədliyini irəli sürür”. Halbuki Azərbaycanda “aul” adlı yaşayış məntəqəsi növü yoxdur.

Bu iki azərbaycanlının mövzuları fərqlidir, amma Rusiyanın media maşını onları dərhal eyni alçaldıcı ifadə altında birləşdirdi: “Oğlu”. Şovinist çevrələrdə azərbaycanlıları məhz belə ümumiləşdirirlər. Elə Matveyev də bunu “OĞLU” deputatlığının benefisi” adlandırdı. Bunu kinayə ilə və heç bir məsuliyyət hiss etmədən etdi, halbuki Dövlət Dumasının nüfuzuna zərbə vuran Tağızadə yox, elə özü idi.

Bəs bu “ikili standartlar” nədir və azərbaycanlılara kim bu ayamaları yapışdırır?

Bu kampaniya təsadüfi deyil və uzun müddətdir ki, şovinist ritorikaya uyğun hərəkət edən bəzi media resursları tərəfindən planlı şəkildə qızışdırılır. Onlardan biri də Teleqram məkanında fəaliyyət göstərən “Rıbar” kanalıdır. Bu şovinist platforma iki gün əvvəl guya miqrant adı altında gizlənmiş “Azərbaycan mafiyası” haqqında yeni material dərc etmişdi. “Rıbar” Rusiyada 500 min azərbaycanlının yaşadığını yazaraq bu rəqəmi “istila” kimi qələmə verdi. Halbuki söhbət əsasən Rusiya vətəndaşlarından gedirdi, onların da çoxu Dərbənd, Həştərxan və ya Moskvada doğulublar. Üstəlik, son 20 ildə Rusiyada yaşayan azərbaycanlıların sayı 150 min nəfər azalıb. Amma sifarişçilərə “düşmən” obrazı yaratmaq lazım idi, ona görə də rəqəmləri heç kim dəqiqləşdirmədi.

Həmin yazıda “Rıbar” həm də oxucularına sual edir: Heydər Əliyevin abidələri Rusiyada nə üçün lazımdır? Fikir verin, sual tarix deyil, sırf təxribat yönümlüdür. Axı Heydər Əliyev SSRİ-də yüksək vəzifələrdə çalışıb, Nazirlər Sovetinin sədrinin birinci müavini olub, BAM-ın tikintisində, sənaye və kadr siyasətində onun rolu misilsizdir. Məsələ ondadır ki, milli zəmində növbəti informasiya hücumu üçün fürsət varsa, bu detallar təbii ki, yada salınmamalıdır.

Bu cür resurslar – həm daxildə, həm də xaricdə olan maraqlı qüvvələrin təsiri ilə – bu gün elə bir informasiya fonu yaradır ki, orada bir azərbaycanlı subyekt olaraq deyil, ümumiləşdirilmiş “oğlu” ləqəbi ilə istehza və rəddedilmə obyektinə çevrilir.

Halbuki məhz bu “oğlu”lar/oğullar vaxtilə həmin “yerlilər” üçün vətənini qurublar:

- Kərim Kərimov sovet kosmonavtikasının dahisi idi. Məhz onun rəhbərliyi ilə Qaqarin kosmosa uçmuşdu. Onun adı gizli saxlanılırdı, amma kosmosa çıxış onunsuz mümkün olmazdı.

- Tahir Salahov – rəssam, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti. Sosialist Əməyi Qəhrəmanı, SSRİ və RF xalq rəssamı. Onun əsərləri Tretyakov qalereyasında sərgilənir.

- Həzi Aslanov – general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı.

- Fərman Salmanov – Sibir və Tümen neftini kəşf və istismar edən azərbaycanlı, elə həmən Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhərinin fəxri vətəndaşı. Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Lenin mükafatı və s. Surqut hava limanı onun adınadır.

Həddən artıq çox “OĞLU” yaza bilərik ki, Rusiyanın inkişafında əvəzsiz rol oynayıblar.

İndi də Rusiyanın “xüsusi əməliyyat zonası” adlandırdığı müharibədə Rusiya vətəndaşı olan “OĞLU”lar vuruşur, bu “OĞLU”lar Rusiya və onun ambisiyaları üşün canını fəda edir.

Bəli, onlar əslən azərbaycanlı olan Rusiya Federasiyası vətəndaşlarıdır. “OĞLU”lar səngərdə Rusiya üçün ölümə getdikləri kimi, deputat seçilməyə də tam haqları var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol