Əliyevin Putinə zəngi Rusiyada rezonans doğurdu – Niyə?

11:26 - 8 Oktyabr 2025 - SİYASƏT

 Əliyevin Putinə zəngi Rusiyada rezonans doğurdu – Niyə?

İlham Əliyevin Vladimir Putinə ad günü (7 oktyabr) münasibəti ilə zəng etməsi Rusiyada olduqca maraqlı reaksiyalara səbəb olub:

1. Kremlin mətbuat xidməti Dmitri Peskov bu zəngi təsdiqləməyə məcbur oldu – çünki Kremlin saytında yayılmasına baxmayaraq, media bunu “bir daha dəqiqləşdirməyə” ehtiyac hiss etdi;

2. Kreml az sonra Putinə ad günü ilə bağlı zəng edən MDB dövlət başçılarının siyahısını ayrıca yaydı. Maraqlıdır ki, orda Azərbaycan Prezidenti İlham Əliyevin adı birincidir. Bu, əlifba sırasına görədir, sadəcə, Kreml “azacıq” dəyişiklik edib – Azərbaycanı Ermənistandan (“Armeniya” – red.) qabağa keçirib və əlbəttə ki, bu, təsadüf deyil.

3. Bu zəngin dərhal ardından Rusiya liderinin köməkçisi Uşakov Düşənbədə 9-10 oktyabrda keçiriləcək MDB Dövlət Başçıları Şurasının toplantısında Əliyev-Putin görüşünün mümkünlüyü sualına cavab verməli oldu – çünki ictimai maraq vardı və suallar ünvanlanırdı;

4. İlham Əliyevin Putinə zəngindən dərhal sonra rusiyalı politoloqlar şərhlərə başlayıblar və iki ölkə arasında münasibətlərin istiləşəcəyi barədə tələsik proqnozlar verirlər...

Diqqəti çəkən odur ki, İlham Əliyevin zəngi Azərbaycanda deyil, Rusiyada sözün həqiqi mənasında rezonans doğurub: politoloqlar sanki bunun həsrətindəymiş kimi davranır.

Əliyevin bir zəngi niyə Rusiyanı bu qədər həyəcanlandırdı?

Azərbaycan Zəngəzur dəhlizi məsələsini də artıq həll edib: ABŞ-da memorandum imzalandı və Rusiyanın regionda qalmaq üçün son ümidi də qırıldı; həmçinin bu siyasət “Ermənistan üzərindən” həyata keçirildi – TRIPP Ermənistan ərazisindən çəkiləcək.

Bir neçə ay ərzində Rusiyanın “təsir agenturası” da nisbətən budanıb – bağlanan Rus Evi, bəlli həbslər bunun görünən tərəfidir. Əlbəttə, bəzi təsirlərin və “Şimala baxan” kadrların tamamilə təmizləndiyi iddiasını irəli sürmək çox tezdir, buna baxmayaraq, onların lazımı məqamda təsirsiz hala gətirildiyi nümayiş etdirildi; Ukrayna ilə əlaqələr bir az da inkişaf etdirildi; Azərbaycan Ukraynadakı savaşda ədalətin yanında olduğunu uca səslə elan etdi və bunu rəsmən işğal adlandırıb, bu işğalla barışmamaq lazım gəldiyini bildirdi və s.

Amma Rusiya siyasilərinin, politoloqlarının, mediasının və ekspertlərinin bu təbrikdən bu qədər həyəcanlanmasının səbəbi yalnız bunlar deyil.

Diqqət edək: İlham Əliyev məhz Türk Dövlətləri Təşkilatının rəhbərlərinin Azərbaycanda olduğu, Qəbələdən dünyaya iqtisadi-siyasi güc və birlik nümayiş etdirildiyi bir məqamda zəng etmişdi.

Bu zəng vaxtı Rusiyanın az qala bütün cənub qonşuları İlham Əliyevin yanındaydı – sözün bütün mənalarında.

İlham Əliyev bütün dünyanın gözünün onda olduğu bir vaxtda, gücünün göründüyü məqamda zəng etdi. Rusiyanı həyəcanlandıran, rus ekspertlərin tez-tələsik şərhlər verməsinə və bunu xüsusi qiymətləndirməsinə səbəb olan fakt həm də budur – Rusların zatən gücdən anladıqlarını artıq 7-dən 77-yə hamı bilir.

Ona görə Kreml sözçüsü Peskov bu zəngi bir daha təsdiqləyir, uca səslə; ona görə Uşakov Düşənbədə liderlərin mümkün görüşü haqda tələsik inam ifadə edir; ona görə “Azerbaydjan” “Armeniya”dan qabağa keçirilir və İlham Əliyevin adı birinci qeyd edilir.

Halbuki İlham Əliyev diplomatik etiket qaydasına riayət etmişdi: 26 avqustda Vladimir Putin Azərbaycanın birinci vitse-prezidentini ad günü münasibəti ilə zəng edərək, təbrik etmişdi; Çində isə o yaxınlaşmış və İlham Əliyevlə görüşmüşdü – hər halda, belə “qəfil” gəlişlər və kulislərdə təsadüfi görüşlər olmadığını yəqin ki, hamı başa düşür – bütün “təsadüfi” görüşlərin hamısı əvvəlcədən planlaşdırılır.

Zəruri qeyd: İlham Əliyevin Putinə təbrik zəngi Ərdoğanın Qəbələyə rəsmi səfərinin başlanmasından sonra yayıldı. Ərdoğanın da Putinə məhz dünən zəng etdiyi haqda məlumatı Türkiyə Prezident Administrasiyası rəsmən elan etdi.

Nədənsə Kreml Ərdoğanın telefon zəngini qabartmadı – halbuki Qəbələdən edildiyi təxmin olunan hər iki zəng eyni gündədir, bəlkə də eyni vaxtda və birlikdədir...


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol