Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir

14:57 - 10 İyul 2026 - GÜNDƏM

 Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir

Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahələri üzrə normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilə bilər.

BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, balıq məhsulları “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq qablaşdırılır və etiketlənir. Balıq məhsulları ticarət dövriyyəsinə daxil edilən zaman “Baytarlıq haqqında” qanuna uyğun olaraq baytarlıq sənədləri ilə müşayiət edilir. Balıqçılıq subyektləri tərəfindən balıq ovu və ya akvakultura fəaliyyəti nəticəsində əldə edilən balıq və digər su bioresursları ticarət dövriyyəsinə daxil edilməsi üçün onların mənşəyi, cinsi, növü, partiya miqdarı və partiya çəkisi, orta ölçüləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.

Layihəyə görə, balıq məhsullarının idxal və ixracı “Qida təhlükəsizliyi haqqında” qanunda nəzərdə tutulmuş qaydada (dondurulmuş və soyudulmuş balıq və digər su bioresurslarının ixracına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla) həyata keçirilir. Balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla həyata keçirilir. Ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətləri müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edilib ki, balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi prosesində şəffaflığın və nəzarətin artırılması məqsədilə məhsulların mənşəyi, növü, həcmi və digər göstəricilər üzrə məlumatların elektron sistemlərdə qeydiyyata alınması və izlənməsi mexanizmi müəyyən olunur ki, bu da həm qida təhlükəsizliyinin təmin edilməsinə, həm də bazar münasibətlərinin tənzimlənməsinə xidmət edir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol