ABŞ-nin Montana ştatında inanılmaz hadisə baş verib. Alpinist dırmanış zamanı yıxıldıqdan sonra trekkinq dirəklərindən birinin bədəninə sancılmasına baxmayaraq, təxminən 16 kilometr məsafəni piyada qət edib.
“BUTA.TV” xəbər verir ki, təcili yardım şöbəsində işləyən Devid Sifaldi iyulun 20-də iki dostu ilə birlikdə Montananın ən yüksək zirvəsi olan 3902 metr hündürlüyündəki Qranit Zirvəsinə qalxarkən qəza keçirib.
Sifaldi sürüşərək qayalıqlara yıxılıb və bu zaman daşıdığı trekkinq dirəklərindən biri bədəninə sancılıb.
Trekkinq dirəyinin Sifaldinin sol qoltuğunun altından daxil olaraq belinin aşağı hissəsindən çıxdığı bildirilib. Lakin ən diqqətçəkən məqam odur ki, dirək həyati əhəmiyyət daşıyan orqanlardan heç birinə zərər verməyib.
Yara baxımı üzrə ixtisaslaşan Sifaldi öz tibbi biliklərindən istifadə edərək vəziyyətini qiymətləndirib. O, daxili orqanlarının zədələnmədiyini düşündükdən sonra xilasetmə qrupunu gözləmək əvəzinə özü dağdan enməyə qərar verib.
Sifaldi və dostları peyk rabitə cihazı vasitəsilə hadisə barədə səlahiyyətlilərə məlumat veriblər. Daha sonra alpinist təxminən 6 saat yarım davam edən yürüşdən sonra cığırın başlanğıcına çatıb.
Bu müddət ərzində trekkinq dirəyi hələ də onun bədənində ilişib qalıb.
Cığırın başlanğıcında dostları tərəfindən xəstəxanaya aparılan Sifaldinin bədənindəki dirək cərrahi əməliyyatla çıxarılıb. Onun vəziyyətinin yaxşı olduğu və tam sağalma prosesinə başladığı bildirilib.
Sifaldi hadisənin daha ağır nəticələnə biləcəyini vurğulayaraq, həyati orqanlarının zədələnməməsini böyük şans kimi qiymətləndirib.
İndi isə alpinist və dostları tam sağaldıqdan sonra yarımçıq qalan dırmanışı davam etdirərək Qranit Zirvəsinin zirvəsinə çatmağı planlaşdırırlar.

- Gəncədə yanğın-taktiki təlim keçirildi - Video
- Dəhşətli qəzada ölən futbolçuların - Fotosu
- “Zəfər” Amerika Yay Düşərgəsi uğurla yekunlaşdı
- Cəbi Quliyevə yeni vəzifə verildi – Sərəncam
- Bayramov daha bir baş həkimi işdən çıxardı
- Qobu-Lökbatan yolunda ağır qəza: iki futbolçu öldü
- Sənə yazığım gəlir…
- Bədəninə sancılan dirəklə 16 kilometr yol getdi - Foto