“Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar

19:00 - 30 İyul 2026 - HADİSƏ

 “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar

Abşeron rayonunun Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, Xəlil Rza küçəsinin sakinləri evlərində yaranan təhlükəli vəziyyətdən şikayətlənirlər.

BUTA.TV”ya müraciət edən qəsəbə sakini Qaratel Şirinova bildirib ki, illər əvvəl həmin ərazidə yerləşən palçıq vulkanı torpaqla doldurulub və üzərində fərdi yaşayış evləri inşa edilib:

“2015–2016-cı illərdə bizim məhəllənin başında palçıq vulkanı var idi. Sonra o ərazini satdılar. Satıldıqdan sonra həmin ərazi dolduruldu və evlər tikildi. O vaxtdan bəri burada yerləşən evlərin divarlarında dərin çatlar yaranmağa, tikililər uçmağa başladı”.

Onun sözlərinə görə, hətta bu təhlükəli zonada yerləşən evlərə mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) də verilib:

“Artıq çökmək üzrədir. Təhlükəli vəziyyətdə yaşayırıq. Qonşuların da evləri əməlli-başlı çöküb, hətta yaşayış belə yoxdur. İcra Hakimiyyətinə müraciət etsək də, gəlib baxan olmadı. İki gün əvvəl gecə yatdığımız yerdə “paduqa”lar (tavan haşiyəsi) uçub töküldü. Bura vulkanik zonadır, amma bizə bu sənədi necə veriblər, bilmirəm”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, həmin ərazidə qeyd olunan fərdi yaşayış evləri 15-20 il öncə inşa edilib.

“Sözügedən yaşayış evlərinə vizual baxış zamanı müəyyən olunub ki, palçıq vulkanı və ətraf kompleksləri həmin massivdən təxminən 2 km məsafədə yerləşir. Son yağan intensiv yağışlar nəticəsində yaranmış vəziyyətlə bağlı ümumiləşdirilmiş məlumatlar toplanaraq aidiyyatı üzrə təqdim edilib”, - deyə əlavə edilib.

Bəsti Məmməd












Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol