Qarpız niyə ucuzlaşmır?

14:48 - 10 Avqust 2026 - GÜNDƏM

 Qarpız niyə ucuzlaşmır?

Qarpızın bu il ötən illə müqayisədə xeyli baha olmasının arxasında bir neçə amilin təsiri dayanır. Ötən ilin avqustunda 30-35 qəpik olan məhsulun bu il 70-80 qəpiyə satılması qiymətin təxminən 2 dəfədən çox artdığını göstərir və bunu yalnız satıcıların möhtəkirliyi ilə izah etmək düzgün olmaz

BUTA.TV xəbər verir ki, bu sözləri “Yeni Sabah”a iqtisadçı Akif Nəsirli deyib.

Onun sözlərinə görə, qiymətin yüksək olmasının əsas səbəblərindən biri yerli istehsalın azalmasıdır:

“Təklifin azdır. Əgər mövsüm ərzində yerli istehsal əvvəlki illə müqayisədə azalıbsa, bazara daxil olan qarpızın həcmi aşağı düşür və tələb yüksək qaldığı üçün qiymət artır. Qıtlıq amili müəyyən dərəcədə rol oynaya bilər. Lakin bunu tam mənada “qıtlıq” adlandırmaq üçün bazarda məhsul çatışmazlığının statistik göstəricilərlə təsdiqlənməsi lazımdır. Daha düzgün ifadə təklifin əvvəlki səviyyədə olmaması və bazarda müəyyən daralma yaranmasıdır.

Bu xəbər hal-hazırda çox oxunur
Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı

Hava şəraiti də mühüm amildir. Qarpız istiliksevər məhsuldur və temperatur, su təminatı, yağıntı, əkin və yetişmə dövründəki hava şəraiti məhsuldarlığa birbaşa təsir edir. Suvarma imkanlarının məhdudlaşması və yüksək temperatur nəticəsində məhsuldarlığın azalması fermerin maya dəyərini də yüksəldə bilər”.

A.Nəsirli vurğulayıb ki, ötən yaya nisbətən bu il xərclər xeyli artıb:

“Toxum, gübrə, dərman preparatları, suvarma, yanacaq, əməkhaqqı, texnika və məhsulun daşınması ilə bağlı xərclər əvvəlki illərlə müqayisədə artıbsa, bu, son satış qiymətinə də təsir göstərir. Qarpızın özü nisbətən ucuz məhsul olsa da, onu tarladan şəhər bazarına çatdıran zəncirdə nəqliyyat, yükləmə-boşaltma, saxlama və ticarət xərcləri qiymətə əlavə olunur.

Bazarın coğrafiyası da əhəmiyyətlidir. Bakı kimi böyük istehlak mərkəzlərində tələbat yüksəkdir və məhsulun regionlardan paytaxta daşınması əlavə xərc yaradır. Əgər eyni zamanda məhsulun topdansatış qiyməti də yüksəlibsə, pərakəndə qiymətin 70-80 qəpiyə çatması daha asan baş verir”.

Ekspert əlavə edib ki, problemin yalnız istehsalçı qiymətində axtarılması düzgün deyil:

“Vasitəçilərin və ticarət marjasının da rolu araşdırılmalıdır. Fermerin məhsulu neçəyə satdığı ilə istehlakçının ödədiyi qiymət arasında böyük fərq varsa, problemin yalnız istehsalçı qiymətində axtarılması düzgün deyil. Dövlət bazarda rəqabəti və qiymət zəncirini izləməklə hansı mərhələdə qiymətin daha çox artdığını müəyyən edə bilər. Qarpızın bu il baha olması mövsümi xarakter də daşıya bilər. Mövsümün əvvəlində məhsulun bazara çıxışı məhdud olduğundan qiymətlər adətən yüksək olur. Yerli istehsalın kütləvi şəkildə bazara daxil olması ilə qiymətin müəyyən qədər aşağı düşməsi mümkündür. Lakin məhsulun ümumi həcmi azdırsa və istehsal xərcləri yüksək olaraq qalırsa, əvvəlki illərdəki 30-35 qəpiklik qiymətə qayıtmaq çətin ola bilər. Yəni hazırkı 70-80 qəpiklik qiyməti yalnız “qıtlıq”la izah etmək düzgün deyil. Təklifin azalması, istehsal və logistika xərclərinin artması, mövsümi faktorlar, yüksək tələb və ticarət zəncirindəki əlavələr birlikdə qiyməti formalaşdırır. Əgər bazara daxil olan qarpızın həcminin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azaldığı təsdiqlənərsə, o zaman qıtlıq amilini əsas səbəblərdən biri hesab etmək olar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol