İran dövləti çökərsə, hərə öz payını götürəcək - Ərdəbilli

17:30 - 31 Yanvar 2023 - GÜNDƏM

 İran dövləti çökərsə, hərə öz payını götürəcək - Ərdəbilli

İsveçdə yaşayan güneyli jurnalist, “Tribun ” jurnalı və saytının baş redaktoru, siyasi icmalçı Əlirza Ərdəbillinin BUTA.TV-a müsahibəsi:

- Avropa Parlamenti İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı qətnaməni təsdiqləyib. Bunun İran İslam Respublikasına nə kimi təsirləri ola bilər?

- Bu, dünya praktikasında qeyri-adi bir hadisədir ki, bir ölkənin rəsmi silahlı orqanının terrorçu elan olunması ilə bağlı qətnamə qəbul edilir. Bilmirəm, bunun ikinci bir nümunəsi varmı? Əhmədinejadın dövründən bu yana SEPAH ölkənin iqtisadiyyatını ələ alıb. Hətta ostandarların (vali) çoxu SEPAH-dan çıxıb. SEPAH İranda bir növ hakim elita rolunu oynayır. Keçmiş Sovet İttifaqında rəhbər şəxslər vəzifəyə Kommunist Partiyasından gəlirdi, eyni ilə Çində də bu cür vəziyyətdir. İranda da hər bir sahədə yüksəliş əldə etmək üçün SEPAH-dan çıxmalısan. Hətta mövcud özəl sənaye və şirkətlərə SEPAH əl qoyur.

Bu baxımdan AP-nin SEPAH-ı terror siyahısına salmaqla bağlı qətnaməsi mühüm sənəddir. Yəqin ki, AB ölkələri bunu təsdiqləyəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

- İran nəyə güvənərək Qərbə meydan oxuyur?

- İran hakimiyyəti Qərbin və Avropanın himayəsini bu zamana kimi neftə və qaza görə qazanırdı. İndi Amerika özü neft-qaz istehsal edir. Qərb özü yeni enerji növlərini icad edib. Onlar Rusiya və İran kimi ölkələrdən enerji asılılığını aradan qaldırmaq niyyətindədir. Odur ki, İran və Rusiyanın əlindən bu “silah” alındı. İran bir aralar “Avropanın soyuq qışı” ifadəsini tez-tez işlədirdi. Düşünürdü ki, neft və qaza görə Rusiya və İrana güzəştlər olunacaq. Belə olmadı, İrana qarşı daha sərt addımlar atıldı və SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi ilə bağlı qətnamə qəbul edildi.

- Rza Pəhləvi və səltənətçilərin ümumxalq etirazlarında, həmçinin, İranın gələcəyində rolu ilə bağlı nə deyə bilərsiniz?

- 4 aylıq etirazlar bunların ümidini doğrultmadı. Keçmişdə səsləndirilən “Rza şah ruhət şad” şüarları şahpərəstlik şüarları kimi görünməli deyil. İranda şah rejiminə qarşı bir nostalji var. Necə ki, Sovet İttifaqında Stalin rejiminə qarşı bir nostalji duyğu var idi, bu da elə. Camaatın bəzisi Məhəmməd şahın özünü görüb, onunla bağlı hətta xatirəsi var. Bu şüarlar ona ünvanlanmayıb. Oğlu Rza şaha ünvanlanıb. Rza şah İranda bir diktator, başkəsən kimi tanınıb. Bu şüarın mənası odur ki, siz atanızdan da pissiniz. Bir sözlə, “atasına rəhmət oxutdurub” misalı tam yerinə düşüb. Keçən 4 ayda bu “Rza şah ruhət şad” şüarını da eşitmədik. Bu isə olduqca önəmli hadisədir. Reallıqda bunlar dərin depressiyaya düşüblər, çox məyusdular. Quldurluqla, hərbə-zorba ilə, adam döyməklə, öz müxaliflərini fiziki zorakılığa məruz qoymaqla özlərinə bir monopoliya yaratmaq istəyirlər. Bu da bunların iç üzünü açır.

Ən vacib məsələlərdən birini də qeyd edim ki, şahpərəstlərin anlayışına görə rejimin çökməyi qətidir və fürsəti əldən vermədən, rəqibləri meydandan çıxarıb, hakimiyyəti yüz faiz ələ almaq lazımdır. Belə olması üçün gərək, əhalinin müəyyən hissəsi, yəni 3 faizi meydanlarda olsun. İrana şamil olunduqda bu nisbət 3 milyon edir. Küçədə olan şahpərəstlərin sayı bu rəqəmlərdən çox-çox aşağıdır.

- İranda Cənubi Azərbaycan da daxil olmaqla, etnik məsələlərin həll olunma ehtimalı varmı?

- Sünni azlıqlar var ki, onlara qarşı ayrı-seçkilik olunur. Tehran kimi böyük şəhərdə bir dənə olsun sünni məscidi yoxdur. Bunların da icması vardır. Həmin sünni azlıqlara daxil olan kürdlər, bəluclar və türkmənlər dil baxımından da azlıqdadır. Sünnilərə dini baxımdan olan ayrı-seçkiliyin aradan götürülməsi ilə bağlı bir konsensus var ki, əhali bunu istəyir.

Dil məsələsinə gəldikdə ona qarşı icma yoxdur. Ondan daha çətin vəziyyət qeyrı-fars şiə azlıqların vəziyyətidir. Bunlar da türklər və ərəblərdir. Tarix boyunca şiələr hakim zümrə hesab olunub. İran dövlətçiliyi formalaşan yüz ildə sünni məsələsini ayırıblar. Əhli-sünnə deyiblər. Şiə azlıqlara qarşı isə assimilyasiya siyasəti aparılıb.

Şiə azlıqların işini çətin edən daha bir məsələ isə tarixən hakim elit olmasıdır. Xüsusən, türklər həmişə hakimiyyətdə olublar. Bu baxımdan İranda ərəblərin vəziyyəti daha da pisdir. Şiə olsalar da, hakimiyyətdə payları olmayıb. Növbəti məsələ isə budur ki, İran dövlətçiliyi keçən yüz ildə fars nasionalizminin, irqçiliyin əsasında qurulub. Həmin məsələ islam inqilabından sonra bir az sarsıldı. Ümmətçilik ariliyin qarşısını kəsə bildi. İndiki hakimiyyətə qarşı olan bu narazılıq daha da ifratçı bir irqçiliyə - anti-türk və anti-ərəb mövqeyə yönəldi. Türk və ərəblərin vəziyyətinin düzəlmək şansı azdır. Rejimlə yanaşı, dövlət də çökərsə, onda hərə öz payını götürə bilər. Bu isə rahat bir proses deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol