Ramiz Rzayevin səlahiyyət müddəti bitdi

18:32 - 6 Mart 2023 - CƏMİYYƏT

 Ramiz Rzayevin səlahiyyət müddəti bitdi

2023-cü il martın 6-da Azərbaycanın Ali Məhkəməsində Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib.

Bu barədə BUTA.TV-a Ali Məhkəmədən məlumat verilib.

"Ramiz Rzayev Ali Məhkəmənin sədri vəzifəsini 18 ildir ki, qürurla daşıdığına, qanunun aliliyinin təmin olunmasında iştirakına görə özünü rahat və xoşbəxt hiss etdiyini ifadə edib. Ramiz Rzayev zamanında ona etimad göstərdiyinə görə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramını ifadə edib. Ali Məhkəmədə işlədiyi dövrün onun həyatında xüsusi bir səhifə olduğunu vurğulayan Ramiz Rzayev belə bir kollektivlə işləməkdən məmnunluğunu bildirib, ona göstərilən diqqət və qayğıya görə dövlətə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib", - Ali Məhkəmənin açıqlamasında qeyd edilib.

Qeyd edək ki, Ramiz Rzayev 25 fevral 1953-cü ildə anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq kimi fəaliyyətə başlayıb və prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olub.

R.Rzayev 2005-ci ilin aprelin 19-dan Azərbaycan Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.

R.Rzayev Azərbaycan Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Prezidentin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə ona "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilib.

R.Rzayev Prezidentin 25 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 20 noyabr 2018-ci il tarixli Sərəncamla isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Dövlət başçısı 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə R.Rzayevi "Şərəf" ordeni ilə təltif edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol