Bakının ən hündürdə yerləşən restoranı – Qiymətlər

09:22 - 16 Mart 2023 - GÜNDƏM

 Bakının ən hündürdə yerləşən restoranı – Qiymətlər

Bakı şəhərinə gələn turistlərin ən çox üz tutduqları məkanlardan biri məhz Teleqüllə restoranıdır.

BUTA.TV xəbər verir ki, bura Azərbaycanda ən hündür tikili hesab olunur. Dünyada isə hündürlüyünə görə 34-cü yerdədir.

Teleqüllədə restoran 2008-ci ildə - yenidənqurma işləri aparılandan sonra açılıb. 175 metr yüksəklikdə (67-ci mərtəbədə) yerləşir, şəhərin füsunkar mənzərəsinə baxmağa imkan verir və 24 saat ərzində 360 dərəcə (bir dövrə) fırlanır.

Bir çoxları bu məkanda fantastik qiymət olduğunu düşünərək, bura üz tutmur. Ancaq buranın qiymətləri heç də şəhərin mərkəzində yerləşən digər restoranlardan fərqlənmir.

Hazırda restoranda 2 nəfərlik səhər yeməyi menyusu 44, 4 nəfərlik isə 74 manat təşkil edir. Bu qiymətə qiyməli pendirli yumurta, pomidor yumurta, cem, əncir mürəbbəsi, ağ pendir, pomidor, xiyar, şor, bal, qaymaq, kolbasa assorti, sosis, kərə yağı, zeytun assorti, şokolad yağı, blinçik kəsmikli, tost, milli şirniyyatlar, meyvə şirəsi (250 ml), limitsiz çörək və çay daxildir.

Növündən asılı olaraq salatların qiyməti 8-19, kabablar 12-80, qarnirlər 6-7, steyklər 45-85, balıq yeməkləri 25-52, toyuq yeməkləri 12-45, sac yeməkləri 40-60, şirələr 6-14, mineral sular 3.5-4 manat arası, şorbalar isə standart olaraq 7 manat təşkil edir.

1 nəfərlik çay dəsgahı 2 növ mürəbbə, desert, qənd, konfet, limon, milli şirniyyatlar və ləpə daxil 30 manatdır. Çaydanla 10, fincanla isə 4 manata təklif olunur.

Həmçinin, restoranda 35 manatdan başlayan banket menyusu mövcuddur.

Məkanda 10% servis haqqı da var. Depozit isə menyu daxil 1 nəfər üçün 30 manat təşkil edir. Rezerv üçün həftə içi 1 gün, həftə sonu isə 2 gün öncədən restorana müraciət etmək lazımdır. Bayram günlərində isə rezerv 3-4 gün əvvəldən qəbul olunur.

Bütün bunlardan əlavə, buranın dress koduna (tələb olunan vahid geyim forması) görə, restorana idman tərzində gəlmək olmaz.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol