Braziliyalı futbolçu Mateus Saldanya “Neftçi”dən kənarlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı klubu yaydığı bəyanatda bildirib.
Qeyd olunub ki, bu addım futbolçunun intizamsız davranışına görə atılıb:
“Neftçi”nin 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan futbolçusu Mateus Saldanya son günlərdə rəhbərliyə Serbiyanın “Partizan” klubundan maliyyə cəhətdən çox yaxşı təklifin olduğunu bildirib.
Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib. Lakin klub rəhbərliyi indiki vəziyyətdə, yəni mövsümün əvvəlində, UEFA Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə nəzərinə çatdırıb. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Mateus Saldanya son günlərdə müxtəlif səbəblərlə komanda ilə birlikdə məşqlərdə iştirak etməkdən yayınmış, 24.07.2023-cü il tarixində keçirilən məşqdə isə icazə almadan iştirak etməmişdi.
Rəhbərlik futbolçunun bu cür hərəkətləri ilə əlaqədar həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırmışdı. Bildirilmişdi ki, “Neftçi” kimliyindən asılı olmayaraq maddiyyəti hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib. Ürəyi “Neftçi” ilə olmayanın özü də “Neftçi”də olmamalıdır. Qayğısı yalnız maddiyyat olan futbolçuya “Neftçi” kimi klubda yer yoxdur.
Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranmışdı. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur.
Azarkeşlərimizi əmin etmək istəyirik ki, UEFA Konfrans Liqasında keçiriləcək ilk oyunumuza bir neçə gün qalmış Mateus Saldanyanın komandamızı çətin vəziyyətdə qoymasına baxmayaraq, klubun rəhbərliyi və məşqçilər korpusu vəziyyətdən ən məqbul çıxış yolunu tapacaqlar. Hazırda hücum xəttimizi gücləndirmək üçün ciddi transfer işləri aparılır”.
Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı bu ilin yanvarında Yaponiyanın "CEF Yunayted" klubundan birillik icarəyə götürmüşdü.
- Kremldən Azərbaycanla yaşanan gərginliyə reaksiya
- Bakı ilə aramızda gərginliyi bu ölkə yaradır – Kreml
- Rusiyalı deputat: Bakı bizdən üzr gözləyir, amma biz...
- Əliyevlə danışdım, Səfərovların Rusiyada qətli...
- Bakıya qarşı İrəvanı qoya bilməz – bəs, Kreml nə edəcək?
- Zelenski sevincək Bakıya zəng etdi: ona lazımdır bu, bizə yox - Rus ekspert
- Peterburqda dava: Azərbaycanlı ailə deport edildi
- Bakıya verilən meyitlərə baxın, dəhşətdir - Rus ekspert