33 min nikah, 14 min boşanma: ailələr niyə dağılır?

11:27 - 15 Oktyabr 2023 - CƏMİYYƏT

 33 min nikah, 14 min boşanma: ailələr niyə dağılır?

Azərbaycanda boşanma tendensiyası ilbəil artmaqdadır. Hətta rəsmi rəqəmlər də bunu təsdiq edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, ölkədə nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluğa, narkomaniyaya aludəçilik, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələr səbəbindən nikahlarının pozulduğunu qeyd edirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, boşanmaların səbəbləri müxtəlifdir, lakin ümumi tendensiyada əsas təsir amilləri var:

"Evlənən cütlüklər arasında qarşlılıqlı inam və etibar olmalıdır. Amma insanlar bir-birlərinə inanmırlar . Ailə quran şəxslər gələcək həyatlarını sığortalayacaq hüquqi addımları kifayət qədər nəzərə almır və bu yöndə addım atmırlar. Əsasən, də nikah müqaviləsinin bağlanması məsələsində".

Birlik sədri hesab edir ki, hazırda ailə münasibətlərinə kənar müdaxilələr var:

"Əvvələr ailədə böyüklük ailə dəyərələrinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır. Əvvəllər ailənin təməlini qoruyan, saxlayan qadınların davranışlarında da ciddi dəyişiklik nəzərə çarpır. Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi asosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər. Yeri gəlmişkən, öhdəlik və məsuliyyət hissi ilə ailə qurulmasına şüurlu daxil olmayan tərəflər də çoxdur. Bu, sadəcə nəsil artırma missiyasına bənzəyir. Ailələr ya romantika – sevgi əsasında, ya da valideynlərin israrı ilə qurulur".

M.Zeynalovanın dediyinə görə, bir çox ailələrdə qızların ərə verilməsi məcburi qaydada olur, amma qızlar da var ki, özləri tez ailə qurmağa can atır:

“Fikrimcə, burada internetin, Facebook sosial şəbəkəsinin mənfi rolu üstünlük təşkil edir. Qəbula gələn boşanmışlardan, yaxud ailəsində problem yaşayanlardan demək olar ki, əksəriyyəti Facebook-da tanış olduğunu deyir. Axı sosial şəbəkədə 2-3 dəfə danışmaqla insanın xarakterinə, xasiyyətinə bələd olmaq mümkün deyil. Çox vaxt valideynlər də bu məsələyə biganə yanaşır. Fikirləşirlər ki, ailədə olan uşaqlardan heç olmasa biri ərə getsin və onların yükü azalsın. Sən övladı böyütməmisən ki, çox asanlıqla onu başından edəsən. Bu, bəlkə də ailələrin maddi, sosial vəziyyətindən asılıdır, amma çox vaxt təhsilsizlikdən, düşüncə tərzinin dayaz olmasından irəli gəlir. Elələri var, bir aydan sonra səhv insan seçdiyinin fərqinə varır. Mən hesab edirəm ki, tələsib 1 ay tez ailə qurmaqdansa, 1 ay gözləyib doğru seçim etmək olardı. Əvvəllər bizdə gənclər ailə qurmağa hazırlaşanda qarşı tərəfin kökünü-nəslini öyrənərdi. İndi bu kimi məsələlərə baxan, əhəmiyyət verən yoxdur. Gənclər ailə qururlar, heç onların ağsaqqallarının, ağbirçəklərinin xəbəri də olmur. Çox zaman heç onları sayıb toya da çağırmırlar”.

M.Zeynalovanın dediyinə görə, bütün boşanma hallarına yanaşma eyni ola bilməz:

“Çünki ailədə zorakılığa məruz qalan qadın gözləməməlidir ki, onu döysünlər, işgəncə versinlər, yaxud ödürsünlər. Olur ki, iki fərd ailə qurur, hansısa məqamda xasiyyətləri düz gəlmir, şəraitdən asılı olaraq xarakter dəyişir, yaxud hansısa vərdişləri üzə çıxır və qarşı tərəf buna göz yuma bilmir. Bu zaman əsəblər tab gətirmir. Mən düşünürəm ki, belə ailədə yaşamaqdansa, əziyyət çəkməkdənsə, boşanmaq daha məqsədəuyğundur. Boşanma səbəbləri hər fərdə görə dəyişir. Ona görə konkret bütün boşanmaların bir səbəbdən baş verdiyini söyləmək doğru deyil. Bəzi səbəblər isə bizə məlum deyil. Mütəmadi olaraq ailələrlə görüşürük, sığınacaqlara baş çəkirik. Sığınacağa gələn qadınların çoxu ailədə zorakılığa məruz qaldığı, döyüldüyü, əzildiyi üçün ora gəldiyini deyir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova bildirib ki, nikahların pozulması səbəbləri sırasında ilk sırada xasiyyətlərin uyğun gəlmədiyi qeyd olunur:

“Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır”. H.Hüseynova bildirib ki, bu gün ailə quran gənclərdə məsuliyyət hissi çox aşağıdır:

“Təəssük ki, bəzi gənclər ailə qurmağa ciddi yox, çox primitiv yanaşırlar. "Evlənərik alınar, sözümüz düz gələr, yaşayarıq, alınmaz ərizə verib boşanarıq" deyirlər. Əvvəl insanlar boşanmaya ən son addım kimi baxırdılar, ər və ya arvad b"oşanmışam" deyəndə bir balaca narahat olurdu. Amma bu gün istər qadın, istərsə kişilər arasında belə narahatlıq hiss olunmur. Rahatlıqla "boşanmışam" deyə bilirlər. Çox təssüf ki, bu gün artıq evlənmək qədər boşanmaq da təbii sayılır. Bəzən çox önəmsiz səbəblərdən ailələr dağılır və düşünürsən ki, bu səbəbi aradan qaldırmaq olar”.

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, vəziyyət bu cür davam edərsə, ildən-ilə boşanmaların sayı daha da artacaq:

“İnsanlar xeyli həssaslaşıb, aqressivləşiblər. İndiki cəmiyyət 20-30 il bundan əvvəlki cəmiyyət deyil. İnsanlar, mühit çox dəyişib. Ən pisi də odur ki, yaxşı yönə deyil. Azərbaycanda boşanmaların sayı 2014-cü ildən etibarən artmağa başlayıb. Əgər cəmiyyət dəyişibsə, deməli, biz ailə institunu qoruyub saxlamaq üçün yeni yanaşma və metodlardan istifadə etməliyik. Aidiyyatı qurumlar yenə də 20 il, 30 il əvvəlki metodlarla işləyir. Kompleks işlər aparılmır. Ona görə də boşanmaların qarışısının alınması istiqamətində eniş müşahidə olunmur. Eyni zamanda, elmi əsaslarla hazırlanmış texnologiyalar yoxdur. Bu problemin həllini yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən gözləmək olmaz. Həmin qurum icraçı strukturdur. Ümumiyyətlə, ölkədə ailə institutu ilə bağlı yeni siyasət formalaşmalı, yeni yanaşmalar ortaya qoyulmalıdır. Hətta qanunvericilik sistemində də müəyyən dəyişikliklər edilməlidir”.

Sosioloq qeyd edib ki, evlilik həyatının uğurunu və uğursuzluğunu səciyyələndirən amillərdən biri də evlilik illəridir:

“Ailə həyatı üçün dörd dövr təhlükəli hesab olunur. Bunlardan birincisi, nikahdan sonrakı ilk aylar, yəni bal ayının sonları, ikincisi, qeyri-sabit olan ailə həyatının üçüncü ilinin sonudur. Ailə həyatı üçün üçüncü təhlükəli dövr problemsiz və monoton keçən 7-ci ilin sonunda, sonuncusu isə evliliyin kifayət qədər inkişaf etmiş bir dövründə - 15-ci ilə təsadüf edir. Mütəxəssislər hər altı cütlükdən birinin bu dövrlərdə ailə problemi ilə üzləşdiyini qeyd edirlər. Mənim fikrimcə, təhsil, tərbiyə, əxlaq, mənəvi məsələlər, ailə dəyərlərinin qorunmaması, adət-ənənələrin itirilməsi, ailə qurarkən riskin düzgün qiymətləndirilməməsi, evlilik yaşının cavanlaşması, məqsədli izdivaclar, şan-şöhrət axtarışı, “yox” deyə bilməmək bacarıqsızlığı sonda ailələrin dağılmasına gətirib çıxarır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol