Bakı xəstəxanalarında basabas - rayondan gələnlərin sayı niyə çoxdur?

09:56 - 25 Noyabr 2023 - CƏMİYYƏT

 Bakı xəstəxanalarında basabas - rayondan gələnlərin sayı niyə çoxdur?

Bölgələrdə nə qədər yeni klinikalar tikilsə də, hər hansı xəstəliyə yoluxduqda rayon əhalisi paytaxt xəstəxanalarına üz tutmağı seçir.  Bakıdakı xəstəxanalara daha çox güvənən əhali müayinədən əlavə, ağır qəzada yaralanmış, ağacdan yıxılıb qolunu, ayağını qırmış, hansısa hadisə nəticəsində ağır xəsarət almış, infarkt keçirmiş və yaxud kəskin ağrıları olan yaxınlarını rayondakı tibb müəssisələrinə etibar etmir.

Araşdırmalar göstərir ki, vətəndaşların çoxu bölgə xəstəxanalarında tibbi avadanlıqların və xidmətin yetərli olmaması səbəbindən Bakıya axın edir. Bakıda icbari tibbi sığortanın köməyi ilə müayinə ola biləcəkləri üçün rayon xəstəxanalarına getməkdən imtina edirlər. Halbuki, regionlarda tibb müəssisələrinin dünya standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən, son illər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fondundan milyardlar xərclənir.

Müasir tibbi avadanlıqlarla təmin olunduğu bildirilən region xəstəxanalarında da icbari tibbi sığorta keçərlidirsə, xəstələr bölgələrdən Bakıya niyə axın edirlər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

Bu xəbər hal-hazırda çox oxunur
Qaz limitinin artırılması ilə bağlı təklif!

“Öncə bildirim ki, ölkədə icbari tibbi sığortanın tətbiqi çox mühüm addımdır və sosial müdafiənin mühüm elementi kimi öz təsirini göstərməkdədir. Bu gün on minlərlə vətəndaş icbari tibbi sığortanın tətbiqindən faydalanır. Xüsusilə də ağır ürək-damar, beyin üzərində aparılan əməliyyatlarda həyata keçirilir. Bunlar mühüm nailiyyətlərdir. Lakin işin təşkilində müəyyən qüsurlar var. Buna görə də sığorta ilə işləyən tibb müəssisələrində basa-baslar yaranır və bu da işin keyfiyyətinə təsir edir, xəstələr narazı qalır, həmçinin həkimlərin də işinə neqativ təsir göstərir. Hesab edirəm ki,  növbəlilik sistemi düzgün qurulsa, qüsurlar aradan qalxar”.

Adil Qeybulla istefa verdi - ANS - Xəbərlər

Adil Qeybulla: “Rayon xəstəxanaları Bakı səviyyəsində deyil, ona görə də... ”

Adil Qeybulla qeyd edib ki, hazırda bir çox rayonlarda səhiyyənin səviyyəsi Bakıdakı kimi deyil, ona görə də insanlar paytaxta axın edir:

“Hələlik etiraf etmək lazımdır ki, rayon xəstəxanaları Bakı səviyyəsində deyil. Ona görə də bəzən ayrı-ayrı regionlardan olan xəstələr müalicə üçün Bakıya üz tutur, sığorta orqanları da onların tələblərini yerinə yetirmək məcburiyyətində qalır.

Buna görə də çalışmalıyıq ki, regionlarda səhiyyə o səviyyəyə çatsın ki, Bakıda və yaxud regionda müalicə almağın arasında bir fərq olmasın, həm avadanlıq, həm də peşəkarlıq baxımından.

Qeyd edim ki, artıq yavaş-yavaş bu qüsurlar aradan qalxmaqdadır, regionlarda peşəkar kadrların işə cəlb edilməsi təmin olunur və bu istiqamətdə işlər davam edir".

“Ankara” klinilasının baş həkimi Zülfüqar Yusifov isə mövzu ilə bağlı qeyd edib:

“Həqiqətən də, müalicə üçün rayonlardan mərkəzə axın var.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov: “Burada əsas problem kadr çatışmazlığı ilə bağlıdır”

Ümumiyyətlə qeyd edim ki, dünyanın hər yerində həmişə insanlar müalicə üçün kənd yerlərindən rayon mərkəzlərinə, rayonlardan şəhərlərə, şəhərdəkilər isə xarici ölkələrə üz tutmağa çalışır. Məsələn, regionlardan Bakıya üz tuturlarsa, müəyyən potologiyalar ilə bağlı Türkiyəyə, Avropa ölkələrinə üz tutanlar var. Yəni, tibbdə mərkəzə qaçma həmişə olub. Pasiyent hər zaman daha yaxşı müalicə axtarışında olur. Bu da daha çox xroniki problemlərlə bağlıdır. Çünki xroniki problemlər tibb elminin birdəfəlik, həmişəlik çözə bilmədiyi problemlərdir. Xroniki problemlərin həlli dedikdə ağrıların azaldılması, hərəkət məhdudiyyətinin aradan qaldırılması, insanın əhvalının yaxşılaşdırılması nəzərdə tutulur.

O ki qaldı müxtəlif yaralanmalar, qəzalar ilə bağlı məsələlərə, bu zaman ortaya kəskin problemlər çıxır və həqiqətən də bu problemlərin yerində və vaxtında həll olunması olduqca vacibdir.

Məlum olduğu kimi son vaxtlar rayon xəstəxanaları da yüksək səviyyədə təmir edilib, ən müasir avadanlıqlar ilə təchiz olunub. Amma burada ciddi kadr çatışmazlığı var və nəticədə pasiyentlər şəhərə üz tutur. Lakin bununla bağlı Səhiyyə Nazirliyi mühüm addımlar atır, aktiv müzakirələr gedir. Bizim də bununla bağlı təkliflərimiz olub. Bildirmişik ki, mümkün qədər yeni kadrların periferiyada işləməsinə şərait yaradılsın. Məsələn, qardaş Türkiyədə, eləcə də digər ölkələrdə belə bir təcrübə var ki, 3 il ərzində müəyyən bölgələrdə mütləq məcburi əmək şəraitində işləməlidirlər. Yəni onların təyinatları mütləq bölgələrə olur. Bu variant özünü doğrultmuş hesab olunur. Təcrübə də onu göstərir ki, həmin şəxslərin bir qismi göndərildiyi rayona, kənd şəraitinə uyğunlaşır və bəzən özləri istəyərək daimi orada qalıb, fəaliyyətlərinə davam edir. Bir qisim isə 3 ilinin başa vurduqdan sonra geri dönür, yeni təyinatlar alırlar. Hesab edirəm ki, ölkəmizdə də bu cür təcrübə tətbiq olunarsa, tibbin, səhiyyənin ehtiyacları həll olunar, əhaliyə normal tibbi xidməti göstərmək üçün normal şərait yaranar.

Sovet dövründə bölgələrdə həkim çatışmazlığı sıxıntısı çox da hiss olunmurdu. Belə ki, ucqar kənd yerləri feldşer məntəqələri ilə təmin olunurdu. Lakin son illər ölkədə yeni özəl klinikalar açıldı ki, bunun da fonunda bölgələrə gedib işləmək istəyən həkimlərin sayı azalmağa başladı.

Beləliklə, biz tibbi avadanlıq, peşəkar kadr məsələsini ayrı-ayrı düşünə bilmərik, bunlar kompleks şəklində olmalıdır. Əks halda rayonda yaralanmış insanın dərdinə çarə qılınması məsələsini optimal şəkildə həll edə bilmərik.

Qeyd etdiyim kimi, hazırda bütün bu məsələlər ilə bağlı addımlar atılır və hesab edirəm ki, yaxın vaxtlarda real addımlar atılacaq. Yeni kadrlar hazırlamaq zaman tələb edir, buna görə də hazırda mövcud olan kadrlardan optimal istifadə etməyə çalışmalıyıq".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol