Mağazalar vətəndaşları necə soyur: “Ticarət Nazirliyi yaradılmalıdır!”

14:21 - 1 Dekabr 2023 - CƏMİYYƏT

 Mağazalar vətəndaşları necə soyur: “Ticarət Nazirliyi yaradılmalıdır!”

“İnsanların ehtiyac meyarları olmalıdır, onlar özlərinə lazım olanları əhəmiyyətinə görə sıralamağı bacarmalıdırlar. Bir əşya endirimə qoyulub, 5 manat ucuz satılırsa, lazım oldu, olmadı almaq lazım deyil. Məhz bu səbəbdən bu gün insanların evində plastik ləvazimatlardan tutmuş, qab-qacağa, saqqal darağına kimi saysız-hesabsız lazımsız əşya var, harada endirim gördülər, həmin əşyanı alıb evə atırlar...” 

Bu sözləri   əmtəəşünas, araşdırmaçı yazar Elçin Bayramlı deyib.  Ekspert ölkədə fəaliyyət göstərən böyük şirkətlərin vətəndaşları necə aldatdığını açıqlayıb: 

“Böyük şirkətlər artıq insanların beyni üzərində hakim mövqeyə gəlib. Bizi sosial şəbəkələrdən də izləyirlər və fərdiləşmiş reklamlar qarşımıza çıxır. Danışdıqlarımız, yazdığımız sözlər, iş yerimizin ünvanı, evimizin hansı mağazaya yaxın olduğu, internetdə axtardıqlarımız və s. məlumatların hamısı onlarda var. Onlar bunları nəzərə alaraq məhsulları davamlı olaraq bizə təklif edirlər. İnsanların çoxu bunu tuta bilmir, düşünür ki, onsuz da sərfəlidir, qoy alım, eybi yoxdur ayda 50 manat ödəyərəm. Beləliklə, zəruri xərclərimizi çatdıra bilmirik. 

Bəzi Avropa ölkələrində məhsulun üzərinə yalnız 20-25% marja qoyulmasına icazə verilir. Məsələn, 10 manata məhsul istehsal edirsinizsə, onu 13 manatdan baha qiymətə sata bilməzsiniz. Bu, haqsız gəlirin qarşısını almaq üçündür. Bizdə isə buna nəzarət edilmir, monopoliya yaradılan sahələrdə sahibkar istədiyi qiyməti qoyur, 10 manatlıq məhsulu 50 manata satır, çünki bazarda alternativ yoxdur. Sonra da endirim etdiyini deyərək, məhsulu 50-dən 40-a salır, halbuki onun məhsulu 15 manatdan baha satmasına icazə verilməməlidir”. 

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

O, bildirib ki, hazırda məhsulun qiymətini bazar müəyyənləşdirir.  Elçin Bayramlının sözlərinə görə, satış zamanı vətəndaşların aldadılmaması üçün Azərbaycanda məhsulların qiymətini tənzimləyən qurum olmalıdır:

“Bizdə Ticarət Nazirliyi olmadığı üçün bu sahəyə dövlət tərəfindən nəzarət də yoxdur. Ona görə də tam özbaşınalıqdır. Hər zaman Ticarət Nazirliyinin yaradılmasını təklif etmişik. Marjalar müəyyən olunmalıdır, qiymətlərin yuxarı həddi əvvəlcədən müəyyən edilməlidir. Amerikada dövlət 900-dən artıq məhsulun marjasını təyin edir. Bizdə isə dövlət demək olar ki, heç nəyi tənzimləmir, yalnız benzin və çörək kimi bir-iki məhsulun qiyməti tənzimlənir. Ona görə də bazardakı fırıldaqçılar “damara baxıb qan alırlar”. Onlar məhsula tələbatın olduğu bilən kimi 5 manata istehsal olunmuş məhsulu belə 50 manata satmaqdan çəkinmirlər. Bazarı qorunmayan, iqtisadi azadlıqları olmayan, haqsız rəqabətin qarşısının alınmadığı ölkələrdə “endirim” kampaniyaları istehlakçının zərərinə olur. İstehlakçıların hüquqları bir çox ölkədə ciddi şəkildə qorunur, şirkət onu aldatsa belə, vətəndaş onları məhkəməyə verib böyük məbləğdə təzminat ala bilir. Azərbaycanda isə belə təcrübə yoxdur, kiminsə şirkət tərəfindən aldadılıb sonra məhkəmədə qalib olması ilə bağlı bircə fakta belə rast gəlinmir. Şirkətlərin Azərbaycan vətəndaşlarını daha çox soyması üçün münbit şərait var. İlin bütün fəsillərində məhsulun normal qiyməti olmalıdır. Bu haqsız rəqabətdir, belə bazar iqtisadiyyatı olmur, bunun adının nə iqtisadiyyatı olduğunu heç kəs bilmir”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol