Şuşada təşkil olunması nəzərdə tutulan yeni il şənliyinin qiymətləri ilə bağlı söz-söhbət böyüməkdə, şaxələnməkdə və bir qədər də absurda doğru getməkdədir.
İki nəfər üçün iki gecə/3 günlük tətilin qiymətinin 2500-3500 arasında olacağı elan edilib və bu, mediada, sosial şəbəkələrdə trivial təsbitlərlə təqdim olunur: “Dodaq uçuqladan tarif”, “fantastik qiymətlər” və s. Əslində isə qiymətlər nə fantastikdir, nə də bu, kiminsə dodağını uçuqlada və ya həsəddən çatlada bilər. Bir neçə stəkan çay Bakı bulvarında 25-30 (hətta daha baha) manata satılırsa, dağın başındakı qarlı qala-şəhərdə 2 günlük tətilin də o qiymətə olması təəccüblü deyil.
Yəni bu ölkədə iaşə, xidmət və ticarət sektorunda ucuz nə var ki, lüks oteldəki tətil də ucuz olsun?
Hələ yayılmış elanda 3 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün də tariflər var və bu, 400-900 manat arasında dəyişir. 12 yaşdan böyük olanlar üçün isə yetkin şəxslərin ödədiyi qədər pul ödənməlidir.
Görünür, Şuşada yeni il şənliyi təşkil edənlər qonaqlarının təxminən nə qədər olacağını hesablayıblar, bilirlər ki, qiymətləri hamı üçün əlçatan eləsələr, ortalıq, hansısa “ulduz”un pulsuz açıq hava konsertinin auditoriyasına dönər, diskomfort yaranar. Ona görə də yerlərin məhdud olduğunu nəzərə alaraq onlar qiymətləri yuxarıdan götürüblər ki, həm izdiham olmasın, həm də pul qazansınlar.
Bu, lüks istirahət təklifidir, bunun geniş ictimaiyyətə dəxli yoxdur, azsaylı varlı və seçkin ailələrin cocuqları üçündür. Bu baxımdan Şuşada yeni il şənliyinin qiyməti adambaşına 10 min dollar olsa da, sadə adamlar üçün fərqi yoxdur. Bu məsələdə onların hüquqları pozulmur.
Ürəyi 2024-cü ili Şuşada qarşılamaq istəyən və bundan ötrü ödəyəcəyi məbləği “çay pulu” sayanlar da bu tariflərdən narahat deyillər. Onlara sıradan biri olmadıqlarını özləri və başqaları üçün bir daha təsdiqləmək fürsəti yaranıb və onlar bu fürsətdən yararlanacaqlar.
Ona qalsa, bu adamlar qış tətilini yaddaqalan şəkildə keçirmək üçün təyyarəyə oturub Sankt-Peterburqa, Helsinkiyə, Osloya, Stokholma, Parisə, Torontoya da gedə bilərdilər. (Yəqin ki, elələri də olacaq). Biz bu adamları bu cür həyat tərzi keçirdikləri üçün qınaya bilərikmi? Əsla. Biz sadəcə, onların sağa-sola xərclədikləri “xəzəl-pullar”ın qaynağı ilə maraqlana bilərik. O da indiki şərtlərlə gendən-genə maraqlanmaqdan o tərəfə keçməyəcək və ictimaiyyət tərəfindən qınanacaq. Çoxları deyəcək ki, “özgənin pulunu saymaq da bir şey deyil”.
Bəli, lüks istirahət, komfort bahalı şeydir. Onlara hər kəsin əli çatmır. Bu, heç mümkün də deyil.
Əslində, qiymətlər daha aşağı olsaydı da, insanlar ellikcə yığışıb Şuşaya gedəsi deyildi. Necə ki, hər 100 insandan yalnız 10-u (təxminən) qış tətilinə çıxmağı, xizək sürməyi, qartopu oynamağı sevir, yerdə qalanı soyuq havada evindən bayıra çıxmamağı üstün tutur, eləcə də əksər insanlar 300-400 kilometr yol ölçməyi, bir oteldə gecələyərək, geri qayıtmağı mənasız əyləncə hesab edirlər. Çünki həyatda macərapərəst insanlar elə də çox deyil. Macərapərəstlər isə qoy daha çox pul xərcləsinlər. Bunun başqalarına zərəri yoxdur.
Sadəcə, sosial şəbəkədəki ictimai fəallar bu məsələyə ona görə belə aşırı diqqət yönəldirlər ki, söhbət Şuşadan gedir. Eyni təkliflə Şahdağdakı, Qəbələdəki otel-restornlar çıxış etsəydilər, bu, o də qədər qızğın müzakirə predmeti olmazdı (hərçənd “biz niyə elə istirahət edə bilmirik” deyə həsədini büruzə verənlər mütləq olacaqdı).
Məsələ orasındadır ki, 2019-cu ilin bu vaxtı biz Şuşaya Bakıdan baxırdıq və işğalçı ermənilərin orada yeyib-içib şellənmələrini göstərən videoları hiddətlə izləyirdik, doğma şəhərimizin nə qədər əlçatmaz olduğunun fərqinə varırdıq.
Ancaq 3 il öncə igid-igid oğulların qanı bahasına biz Şuşanı geri aldıq, yenidən özümüzünkü etdik. Bu üç ildə o şəhəri yüz minlərlə vətəndaşımız ziyarət edib və bir-iki ilə Şuşanı ziyarət etmək istəyi olan bir kəs də kənarda qalmayacaq, hamı o şəhərə qədəm basacaq.
Şuşa uzun həsrətdən sonra qan bahasına alındığı üçün orada kef məclislərinin qurulması insanlara hələlik ağır gəlir. Bir müddətdən sonra o hiss öləziyəcək. Hələ yaramız istidir.
Bu xüsusda iki ritorik sual da var: 1. Şuşa ermənilərdə qalsaydı və bu il dekabrın 31-də onlar orada bizə acıq verə-verə kef məclisləri qursaydılar, çoxmu yaxşı olardı?;
2. Baxaq, görək, bu 2500-3500 manata Şuşada iki günlük tətil edən seçkin cavanların içində 3 il 2 ay öncə Şuşanı azad edənlərdən heç olmasa bir neçəsi olacaqmı?
Şuşada iki gecə üç gün istirahət etmək məhz onların, 2020-ci ilin noyabr ayının əvvəlində Şuşa ətrafındakı meşədə 1 həftə boyunca ac-susuz və üstüaçıq halda gecələyənlərin haqqıdır.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi