“Abşeron rayonu, Məmmədli qəsəbəsinin yollarında vəziyyət acınacaqlıdır. Burada gediş-gəliş cəhənnəmə dönüb”.

Bu şikayətlə “BUTA.TV”ya Nail Əzizov müraciət edib.

Qəsəbə sakini bildirib ki, aprel ayında yağan yağışlardan sonra yollar tamamilə dağılıb: “Buralar artıq yararsız vəziyyətdədir. Yolun bərbad olması həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini ciddi şəkildə çətinləşdirir. Hətta bu yoldan hər gün avtobuslar və ağır tonnajlı yük avtomobilləri intensiv şəkildə istifadə edir. Onsuz da yağışlardan sonra dağılmış yol örtüyü daha da sıradan çıxıb. Böyük çalalar, palçıq və yol səthinin deformasiyası buranı cəhənnəmə çevirib”.

N.Əzizov həmçinin kanalizasiya xətlərinin problemli olduğunu qeyd edib: “İçməli su xətləri ilə kanalizasiya sistemi bir-birinə qarışıb. Bu yalnız yol problemi deyil, eyni zamanda insanların sağlamlığı və sanitariya təhlükəsizliyi baxımından ciddi risk yaradır. Su və kanalizasiya sistemlərinin bu vəziyyətdə olması mümkün infeksiyaların və kütləvi zəhərlənmələrin baş verməsi üçün təhlükəli şərait yarada bilər. Aidiyyəti qurumlara müraciət etmişik, hələ ki nəticə yoxdur. Məktəblər də açılır, uşaqlar dərsə gedəcək, bu yollar təcili düzəldilməlidir”.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Abşeron rayonu, Məmmədli kəndi, Heydər Əliyev küçəsində son yağışlardan sonra yolda bir neçə çala əmələ gəlib: “Bu barədə küçənin balans daşıyıcısına müraciət olunub. Buna baxmayaraq, hərəkətin daimiliyini təmin etmək məqsədilə Məmmədli kənd bələdiyyəsi tərəfindən adıgedən küçədə cari təmir işləri aparılıb və hərəkət bərpa olunub. Küçənin əsəslı təmir işlərinin aparılması ilə bağlı aidiyyəti qurumlara müraciətlər olunub”.

İçməli su xətlərinin kanalizasiya sistemi ilə qarışması iddiaları ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edildi ki, sözügedən ünvanda Xidmətin mərkəzləşmiş su və tullantı su şəbəkəsi mövcud deyil: “Ərazidə mövcud olan su xətləri primitiv üsulla çəkilib. Həmçinin xətlərin çəkildiyi hissədən vətəndaşlar tərəfindən qanunsuz olaraq tullantı və qrunt suları da axıdılır. 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında tullantı suların idarə olunması, kanalizasiya və yağış infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm layihələr nəzərdə tutulub.

Bu layihələrin mərhələli şəkildə icrası mövcud infrastrukturun əhatə dairəsinin genişləndirilməsi, yeni kanalizasiya xətlərinin və kollektorların inşası, yağış sularının daha səmərəli idarə olunması və şəhərin müxtəlif ərazilərində subasma risklərinin azaldılması istiqamətində əhəmiyyətli nəticələrin əldə edilməsinə hesablanıb. Hazırda bir sıra ərazilər üzrə tikinti-quruculuq işlərinə başlanılıb. Sözügedən ərazidə də infrastrukturun qurulması gələcək vaxtlarda həyata keçiriləcək. 

Şəbəkə mövcud olmayan ərazilərdə ətrafda xoşagəlməz qoxu və mənzərə yaratmamaq üçün, həmçinin mövcud su hövzələrini çirkləndirməmək məqsədilə tövsiyə edilir ki, şəbəkənin qurulacağı müddətə qədər hər bir həyətyanı sahədə fərdi “şambo” və ya septik quyulardan istifadə edilsin”.

Fidan Etibar