Universitetə yeni başlayanlar bunu bilməlidir - Diplom artıq kifayət etmir
Artıq bu gündən universitetlərdə yeni tədris ili başlayır və bir çox tələbə təhsillə yanaşı işləmək barədə düşünür. Bəziləri iş təcrübəsinin gələcək karyera üçün vacib olduğunu deyir, digərləri isə bunun dərslərə mənfi təsir etdiyini düşünür.
Bəs tələbə üçün doğru seçim hansıdır?
Mövzu ilə bağlı danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikrincə, tələbələr ilk kursda işdən daha çox təhsilə və öz üzərlərində işləməyə üstünlük verməlidirlər: pizza
“Təbii ki, tələbələr ilk növbədə həm ali təhsil almağı, həm də paralel olaraq əmək fəaliyyətinə başlamağı düşünürlər. Lakin bəzi hallarda bu, onların akademik göstəricilərinin aşağı düşməsinə səbəb olur. Nəzərə alsaq ki, tələbələrin də tələbəlik dövründə kifayət qədər boş vaxtları olur, bu zamanı daha çox şəxsi inkişaflarına ayırsalar, gələcəkdə həm maddi imkanlarını yaxşılaşdıra, həm də öz bacarıqlarını inkişaf etdirə bilərlər. Burada xarici dil biliklərini artırmaq, müxtəlif kurslarda iştirak etmək və peşəkar bacarıqları inkişaf etdirmək xüsusilə vacibdir”.
Ekspert düşünür ki, işləmək bəzi hallarda tələbənin dərslərinə mənfi təsir göstərir:
“Məlum məsələdir ki, tələbələr daha çox maddi ehtiyacı olan kateqoriyaya daxildirlər. Təbii ki, bütün tələbələrin işləməyə ehtiyacı yoxdur. Lakin bir çox tələbə maddi səbəblərdən iş axtarışına çıxır. Bu, müəyyən mənada onların karyera inkişafına və əmək bazarında təcrübə qazanmasına müsbət təsir göstərir. Bununla belə, iş və təhsili paralel aparmaq bəzi hallarda onların akademik göstəricilərinə mənfi təsir edir və nəticədə təhsil nəticələri aşağı düşür.
Daha məqsədəuyğun olar ki, tələbələr ən azı birinci kursu başa vursunlar və ilk kursda yüksək akademik nəticələr əldə etməyə çalışsınlar. Daha sonra, xüsusilə ikinci kursdan etibarən əmək fəaliyyəti və gələcək karyera haqqında düşünərək həm təhsil, həm də iş prosesini paralel şəkildə idarə edə bilərlər.
Təbii ki, burada tələbənin işlədiyi sahənin də əhəmiyyəti böyükdür. Mümkün olduğu qədər tələbələrin ixtisaslarına uyğun sahələrdə çalışması daha faydalıdır. Çünki tələbənin gələcəkdə hər hansı müəssisədə həmin ixtisas üzrə işləməsi üçün müvafiq peşə və bacarıqlara sahib olması vacibdir.
Bəzi iş sahələrində isə ixtisas o qədər də əsas götürülmür. Məsələn, restoranlarda, marketlərdə və bir sıra xidmət sahələrində çalışmaq üçün konkret ixtisasın olması əsas tələb kimi qarşıya qoyulmur. Lakin daha ixtisaslaşmış sahələrdə vəziyyət fərqlidir.
Məsələn, tələbə informasiya texnologiyaları, komitə fəaliyyəti və ya pedaqoji sahədə çalışmaq istəyirsə, burada onun ixtisası və peşəkar hazırlığı mühüm əhəmiyyət daşıyır. Buna görə də işəgötürənlər tələbənin həmin istiqamətdəki bilik və bacarıqlarını mütləq nəzərə alırlar”.
İnsan resursları üzrə ekspert İlkin Məcidovisə tələbələrin erkən mərhələdən işləyə biləcəyini düşünür:
“Bu gün əmək bazarında diplom artıq üstünlük deyil, başlanğıc nöqtəsidir, işəgötürən real bacarıq və təcrübəyə də baxır. Buna görə tələbənin təhsillə yanaşı işləməsi, düzgün balans qurulduğu halda, gələcək karyerasına ciddi üstünlük verir. Bunun üçün mütləq 3-cü və ya 4-cü kursu gözləməyə ehtiyac yoxdur tələbə imkanına uyğun olaraq erkən mərhələdən təcrübə və yarımştat işlərə başlaya bilər. İşin mütləq ixtisas üzrə olması da şərt deyil, çünki komanda işi, ünsiyyət, məsuliyyət və problem həll etmə kimi bacarıqlar bütün sahələrdə dəyərlidir. Əsas məsələ tələbənin sadəcə “işləmiş olmaq” üçün deyil, əmək bazarında gələcək dəyərini artırmaq üçün işləməsidir”.