Yazıçı Seyran Səxavət “Xəzər” televiziyasının “İncə səhər” verilişində çıxışının montaj olunmasına etiraz edib.

“BUTA TV” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək kanalın rəhbəri Murad Dadaşova müraciət ünvanlayıb.

Ədib bildirib ki, efirdə onun çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər, o cümlədən dövlətin rəsmi statistikasına dair məlumatlar yayımdan çıxarılıb. O, Murad Dadaşovdan məsələni araşdırmağı və ona rəsmi cavab verməyi xahiş edib:

“Hörmətli Murad Dadaşov, “Xəzər” televiziyasının direktoru. Ayın 3-də saat 10:00-da sizin televiziyada yayımlanan “İncə səhər” verilişinə qonaq kimi dəvət olunmuşdum. Əvvəlcə onu deyim ki, hətta orada olan texniki heyət də mənim dediklərimi alqışlayırdı. Söhbət məndən getmir, mən artıq bu məsələlərə alışmışam, sadəcə narazılığımı bildirirəm.

Murad, aramızda haqq-salamımız da var. Amma dövlətin rəsmi statistikasının təqdim etdiyi məlumatları efirdə səsləndirirəm, onları kəsirlər. Başqa dediklərimin də niyə ixtisar olunduğunu başa düşmürəm. Xeyir olsun, bu nə məsələdir?

Mən həm sənin, həm də “Xəzər” televiziyasında çalışan hər kəsin xətrini çox istəyirəm. Amma sözün, həqiqətin xətrini sizin hamınızdan daha çox istəyirəm. Ona görə də, gözəl qardaşım, sənə öz narazılığımı bildirirəm. Bundan sonra hansı tədbiri görəcəksən, görməyəcəksən, özün bilərsən.

Məni tanıyan, sevən yüz minlərlə oxucumu “Xəzər” televiziyasının “İncə səhər” verilişini boykot etməyə çağırıram. Heç kim bu verilişə baxmasın. Çünki mənim 81 yaşım var, artıq redaktə olunacaq vaxtım deyil. Mən bu saat cəmiyyəti redaktə edirəm, dünyanı redaktə edirəm. “Xəzər” televiziyasının, rus demiş, “kakoy-nibud” – bu sözü demək mənə yaraşmaz, amma sizin işçiləriniz mənə bunu yaraşdırdı.

Verilişin redaktoru məni redaktə edir. Mən lazım gələndə dünyanı, Azərbaycanı, öz ətrafımı redaktə edirəm, amma bunlar məni redaktə edirlər. Xahiş edirəm, bu məsələni araşdır və mənə rəsmi cavab ver. Cavabını gözləyirəm”.


Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - Foto