Yasamalda biri uşaq olmaqla üç nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsində ittiham olunan Bəhruz Paşayevin məhkəmə araşdırması davam edir.

“BUTA.TV”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hazırki mərhələdə zərərçəkmiş şəxslər ifadə verir.

Dəhşətli yanğın nəticəsində vəkil Əli Qəmbərovun 7 yaşlı qızı, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli və 42 yaşlı Samir Məmmədov həlak olublar.

Mərhum Könül Vəlibəylinin qızı Ləman Qulamova isə tüstüdən zəhərlənib, bu günə kimi vəziyyəti ağır olaraq qalır. Bugünkü məhkəmədə elə Ləman ifadə verib. O, dayısının köməyi ilə məhkəməyə gətirilib. Qızın vəziyyətinin pis olduğu açıq-aşkar göz önündədir.

26 yaşlı Ləman 11 aydır Bakıda və İstanbulda bir neçə dəfə əməliyyat keçirib, indiyə kimi ağızdan qidalana bilmir, səs tellərində problem var. Ləman zəif tonlu səsi ilə həmin dəhşətli günü belə xatırlayıb: “Evdə oturmuşduq, birdən anam qışqırdı ki, binada yanğın var. Tez evdən çıxıb aşağı qaçmaq istədik. Bir mərtəbə düşəndən sonra huşum itdi. 10 gün sonra ayılanda artıq komada idim. Hələ də sağalmıram, müalicələrin bir nəticəsi yoxdur”.

Fotoda: Ləman Qulamova

Babək Pənahovun sədrlik etdiyi hakimlər Ləmanı çox yormayıblar, o, ifadə verən kimi evə yola salınıb.

Təqsirləndirilən şəxs də uşağın bu vəziyyətinə çox pis olduğunu deyib. Ondan üzr istəyib: “Xahiş edirəm, məni bağışla. Mənim özümü də aldadıblar. Səhərdən-axşama kimi işləyirdim, axırda belə oldu. Bağışla məni”.

Təqsirləndirilən şəxsin bu sözləri Ləmanın dayısını və babasını özündən çıxarıb: “Vicdanın olsaydı, qohumlarından bir nəfər də olsa, bu günə kimi uşağa baş çəkərdi. Heç kim maraqlanmır. Sən bağışlanmazsan”.

Qeyd edək ki, Bəhruz Paşayev yanğın baş verən binanın aşağısında yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru olub. İttihama görə yanğın həmin klinikadan başlayıb.

Prokurorluq tərəfindən aparılan istintaqla Bəhruza Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma- ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Təqsiri sübuta yetirilsə, onu 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.


3 yaşınadək uşağı olan analara hər ay - 100 manat veriləcək 3 yaşınadək uşağı olan analara hər ay - 100 manat veriləcək