Rəqəmsal dünyada uşaqlar üçün təhlükə - “Roblox” nədir?
12 yaşlı uşağın binadan özünü ataraq həyatına son qoyması ilə nəticələnən faciə bir daha rəqəmsal oyunların uşaq psixologiyasına təsirini gündəmə gətirdi. "Roblox" kimi populyar oyunların və nəzarətsiz sosial medianın yaratdığı emosional təcrid və gizli manipulyasiyalar uşaqlar üçün ölümcül tələyə çevrilə bilir.
Bu mövzuyla bağlı pedaqoq, uşaq və yeniyetmələrin inkişafı üzrə mütəxəssis Aysel Rəsulzadə danışıb. O qeyd edib ki, oyunların təsirində fərqlər var.
"Oyun var ki, uşağın təxəyyülünü, problem həll etmə bacarığını, müəyyən sosial bacarıqlarını inkişaf etdirir. Oyun da var ki, uşaqlarda müəyyən psixoloji problemlər, çətinliklər yaradır. Burada əsas məsələ nə oynadığında, nə qədər oynadığında və oyunun ümumiyyətlə uşağın həyatında nə qədər yer tutduğu ilə bağlıdır. Bunun üçün də valideynlər diqqətli olmalıdırlar, daim uşaqlarına nəzarət etməlidirlər. Nəzarət etmək deyəndə uşağın telefonuna girmək, bütün günü onun şəxsi həyatını qarışdırmaq demək deyil".
Aysel Rəsulzadə övladlarınızla ünsiyyətdə olun deyə valideynlərə çağırış edib.
"Valideyn "Neçə saat oynadın?" deməyin əvəzinə, "Nə oynayırsan?", "Orada kimlərlə danışırsan?", "Ən çox səni nə maraqlandırır?", "Bu oyunda özünü necə hiss edirsən?", "Səni ən çox nə cəlb eləyir?" kimi mövzularla uşağın daxili dünyasına girməyə çalışmalıdır. O baxımdan belə vəziyyətlərdə uşağı danlamaq, qorxutmaq yox, sakit şəkildə dinləmək lazımdır. Əgər uşaq özünə zərər vermək niyyətindən danışırsa və yaxud bununla bağlı valideyn nəsə bir təhlükə hiss edirsə, artıq dediyim kimi, mütəxəssis mütləq ki burada kömək etməlidir, lazım olarsa təcili yardım və digər aidiyyəti qurumlara da müraciət etməlidir
Çünki biz uşaqlarımızı rəqəmsal dünyadan bu gün məhrum eləyə bilmərik, amma onları o dünyada tək də buraxa bilmərik. Telefon onların əlində ola bilər, ama valideynin diqqəti və sevgisi onların yanında olmalıdır."