Ramiz Mehdiyevlə əlaqəli mənim dindirilməyim xəbərinin heç bir əsası yoxdur. Bu, yalan məlumatdır. Mənim Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanım olsaydı və bilsəydim ki, o, dövlət çevrilişinə hazırlaşır, bununla bağlı bəyanat verərdik, hökumət orqanlarına müraciət edərdik.

Bu sözləri BUTA.TV-a açılamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyev işi üzrə aparılan istintaq çərçivəsində onun şahid qismində dindirilməsi ilə bağlı yayılan məlumat haqda danışarkən deyib.

“Yəni faktiki olaraq Ramiz Mehdiyevin deputat etdiyi, hüquq-mühafizə orqanlarına yerləşdirdiyi adamlar, bilavasitə xeyir-duası ilə icra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, Sərdar Cəlaloğlu ifadə verir? Bu, tamam yalan bir məlumatdır. Bunu niyə yayırlar, nə üçün yayırlar, anlamıram. Qətiyyən belə bir şey yoxdur və olmayıb. Sadəcə olaraq, o vaxt Ramiz Mehdiyev məsələsi çıxanda Əli Kərimov tərəfdarları bizə hücum etdi ki, guya bizim Ramiz Mehdiyevlə əlaqəmiz var. Mən də onlara cavab verdim. O cavabla bağlı DTX-dən mənə müraciət etdilər, getdim. O vaxt qəzetlərdə Əli Kərimli ilə bağlı olanları bir də təkrarladım.

Vəssalam. Yerdə qalanı boş şeylərdir. Bunları kim edirsə, şərəfsiz adamlardır”, - Cəlaloğlu bildirib.