İqbal Ağazadə: “Bakıda 14 zolaqlı yol da çəksəniz, tıxac bitməyəcək”
Video
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanda kəndlərin vəziyyəti və bunun Bakıdakı nəqliyyat sıxlığına təsiri barədə fikirlər səsləndirib.
BUTA.TV xəbər verir ki, İqbal Ağazadə bildirib ki, kəndlərdə infrastruktur və məşğulluq imkanlarının məhdud olması insanların paytaxta köçməsinə səbəb olur.
“Kəndlərin böyük əksəriyyətində kəndarası deyilən bir yol yoxdur. Bütün yollar palçıqdır. Kəndlinin torpağı var, suyu yoxdur. Suyu var, torpağı yoxdur. Yəni kəndlinin yaşaması üçün heç bir şərait yoxdur”, – deyə o qeyd edib.
Partiya sədri kəndlərdə iş yerlərinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, insanların Bakıya axını paytaxtda nəqliyyat sıxlığının artmasına da təsir göstərir.
Ağazadə qeyd edib ki, Bakıda yolların zolaqlarının sayını artırmaqla problemi tam həll etmək mümkün deyil:
“Bakıda da 8 zolaqlı yol yox, 14 zolaqlı yol yarat, yenə də heç bir faydası yoxdur. Çünki kənddə adam qalmayıb, hamısı şəhərdədir”.
İqbal Ağazadə Bakıdakı tıxac probleminin həlli üçün rayonlarda yaşayan və ya rayon qeydiyyatında olan insanların bölgələrə qayıtması üçün şərait yaradılmasını təklif edib.
“Bunun həlli çox sadədir. Bakıda rayon qeydiyyatında olan görün nə qədər insanlar var. Onların hamısını rayona köçürmək lazımdır. Onlar üçün şərait yaratmaq lazımdır ki, Bakı bir az boşalsın, Bakı bir az nəfəs alsın”, – deyə Ümid Partiyasının sədri bildirib.
Ağazadənin fikirlərinin yer aldığı videonu təqdim edirik.