PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır
Video
Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest-2026” layihəsi davam edir. Agentliyin məlumatına görə, festivalın əsas məqsədi gəncləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq, onların peşə seçiminə və karyera istiqamətinin müəyyənləşdirilməsinə dəstək olmaqdır.
Lakin tədbirlə bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun sosial media üçün hazırlanan videoçarxdakı ifadəsi diqqət çəkib.
Əlimizdə olan görüntüdə Agentlik sədri PeşəFest çərçivəsində gənclərin “əyləndiyini” vurğulayır.
Bu ifadə isə layihənin rəsmi məqsədləri fonunda suallar yaradır.
Belə ki, Agentliyin öz açıqlamasında “PeşəFest”in gənclərin əmək bazarının tələbləri ilə tanış olması, peşələr haqqında məlumat əldə etməsi, mütəxəssislərlə ünsiyyət qurması və gələcək karyera istiqamətini müəyyənləşdirməsinə dəstək vermək məqsədi daşıdığı qeyd olunur.
Agentliyin missiyasında isə işsiz və işaxtaran şəxslərin məşğulluğa çıxışının asanlaşdırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi və əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi əsas istiqamətlərdən biri kimi göstərilir.
Bu baxımdan ortaya belə bir sual çıxır: PeşəFestlər konkret olaraq neçə gəncin və ya işaxtaran şəxsin real məşğulluğu ilə nəticələnib?
Çünki Agentliyin 2026-cı ilin ilk üç ayı ilə bağlı açıqladığı statistikaya əsasən, ümumilikdə 36 349 nəfərin münasib işlə təmin edildiyi, 3 574 nəfərin isə peşə hazırlığı kurslarına cəlb olunduğu bildirilib. Lakin bu rəqəmlər PeşəFest layihəsinin ayrıca nəticəsi kimi təqdim olunmur.
Məhz buna görə də PeşəFest çərçivəsində keçirilən tədbirlərin neçə iştirakçısının sonradan işə və ya peşə hazırlığına yönləndirildiyi barədə ayrıca statistikanın açıqlanması ictimaiyyət üçün daha aydın mənzərə yarada bilər.
BUTA.TV olaraq məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin mövqeyini də təqdim etməyə hazırıq.
Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"