Səhiyyə Nazirliyinin Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səsləndirdiyi fikirlərə verdiyi cavab müzakirələrə səbəb olub.

“BUTA.TV” xəbər verir ki, nazirlik açıqlamasında vətəndaşların qəbulunun müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən həyata keçirildiyini və bununla bağlı məlumatların rəsmi internet səhifəsində yerləşdirildiyini bildirib.

Lakin jurnalist İlkin Muradov sosial media hesabında paylaşdığı görüntülərlə nazirliyin açıqlamasına etiraz edib.

O bildirib ki, Səyyad Aranın vətəndaş qəbuluna düşməyin çətin olması ilə bağlı fikirlərindən sonra Səhiyyə Nazirliyinin saytında yerləşdirilən qəbul cədvəlində dəyişiklik edilib.

Muradovun paylaşdığı “əvvəl” və “sonra” görüntülərində diqqət çəkən məqam ondan ibarətdir ki, əvvəlki versiyada məlumat “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən 2025-ci il üzrə vətəndaşların qəbulu cədvəli” başlığı ilə təqdim olunub. Sonrakı görüntüdə isə “2025-ci il üzrə” ifadəsinin başlıqdan çıxarıldığı görünür.

Maraqlıdır ki, Səhiyyə Nazirliyinin rəsmi saytında hazırda da “Qəbul günləri” bölməsində 2025-ci il üzrə vətəndaş qəbulu cədvəli yerləşdirilib. Səhifədə nazir Teymur Musayev və nazir müavinləri də daxil olmaqla rəhbər vəzifəli şəxslərin qəbul günləri göstərilir və səhifənin son yenilənmə tarixi 27 may 2025-ci il kimi qeyd olunur.

İlkin Muradov isə paylaşımında bu vəziyyəti tənqid edərək yazıb:

“2025-ci il üçün vətəndaş qəbulu cədvəli yazılıb. İndi ‘düzəltdilər’. 2025-ci ili cümlədən çıxardılar, sonra da deyirsiz ki, işlərimiz.”

Beləliklə, Səhiyyə Nazirliyinin Səyyad Arana cavabında “rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatların yerləşdirildiyi” bildirilsə də, jurnalistin paylaşdığı görüntülər həmin məlumatların təqdimatında dəyişiklik edildiyi barədə suallar yaradıb.