Rafiq Aslanovun oğlu Londonda 3.22 milyonluq əmlak aldı
Foto
Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial media hesabında dövlət qurumlarından birinin rəhbəri ilə bağlı yeni məlumat paylaşıb.
Həsənlinin paylaşımında bildirilir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun oğlu Afiq Aslanovun İngiltərə vətəndaşlığı aldığı, daha sonra isə Londonda 1,43 milyon funt sterlinq dəyərində daşınmaz əmlaka investisiya yatırdığı iddia olunur.
Jurnalist paylaşımında həmin məbləğin Azərbaycan manatı ilə təxminən 3,22 milyon manata bərabər olduğunu qeyd edib.
Rəsmi məlumatlara görə, Rafiq Aslanov 2024-cü ildən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisidir. O, daha əvvəl uzun illər su təsərrüfatı və meliorasiya sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Cavanşir Həsənli bundan əvvəl də dövlət vəzifəlilərinin və onların ailə üzvlərinin xaricdəki daşınmaz əmlakları barədə sosial media hesabında araşdırmalar dərc edib. Məsələn, 2020-ci ildə Rafiq Aslanovun oğlu ilə bağlı Londondakı əmlak barədə də paylaşım edib və həmin məlumatlar digər media orqanlarında da yayımlanıb.
Hazırkı paylaşımda səsləndirilən 1,43 milyon funt sterlinqlik əmlak yatırımı və İngiltərə vətəndaşlığı ilə bağlı iddiaların hansı sənədlərə əsaslandığı paylaşımın özündə ətraflı göstərilmir.
BUTA.TV məsələ ilə bağlı Rafiq Aslanov və aidiyyəti qurumların mövqeyini təqdim etməyə hazırdır.
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO