Ölkədə dollar bolluğu- Əhali əlindəki valyutanı niyə satır?
Cari ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta seqmentlərində aydın şəkildə özünü göstərib.
2026-cı ilin ilk 8 ayında mübadilə məntəqələri və banklar tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışı 673 milyon ABŞ dolları üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25,8%-ə enib.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı bir şəraitdə Mərkəzi Bank bazardan valyuta alışları həyata keçirib. Nəticədə, 8 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 32,9% artaraq 15,3 milyard ABŞ dollarına yüksəlib. Bu göstərici qurumun valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.
Rəqəmlərdən göründüyü kimi, hazırda ölkədə ciddi dollar bolluğu müşahidə olunur və əhali xarici valyutanı satmağa daha çox üstünlük verir. Bəs bu prosesin əsl səbəbləri nədir?
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, mövcud mənzərə ilk baxışdan müsbət görünsə də, əslində heç də tam yaxşı gedişat sayıla bilməz: "Mövqeyin müsbət tərəflərindən biri odur ki, milli valyutamız olan manata güvən artıb. Manat depozitlərinin gəlirliliyi xeyli yüksəkdir. Əgər dollar depozitləri üzrə illik faiz dərəcələri 3% civarındadırsa, manat depozitlərində bu göstərici 10%-ə çatır. Bu səbəbdən əhalinin bir qismi dollar əmanətlərini və ya evdə saxladıqları valyutanı manata çevirərək banklara yerləşdirir. Depozitlərin və əmanətçilərin sayının artması da bunu sübut edir".
Ekspert prosesin digər, narahatlıq doğuran tərəflərinə də diqqət çəkib: "Ancaq məsələnin neqativ tərəfi ondan ibarətdir ki, ölkədə iqtisadi aktivlik xeyli zəifləyib. İqtisadi fəallıq aşağı düşdükdə dollara olan tələbat da təbii olaraq azalır. Dollara tələbin düşməsi kommersiya müqavilələrinin sayının və xaricdən gətirilən məhsulların həcminin azalması ilə birbaşa bağlıdır. İdxal statistikasına baxdıqda ötən illə müqayisədə təxminən 35%-ə yaxın ciddi azalmanın olduğunu görürük".
Natiq Cəfərli həmçinin vurğulayıb ki, valyuta satışının artmasında əhalinin sosial vəziyyətinin də müəyyən rolu var: "Xülasə etsək, prosesin müsbət tərəfi insanlarda manata olan inamın artmasıdırsa, neqativ tərəfi iqtisadi aktivliyin zəifləməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi və gəlirlərin azalmasıdır. İnsanlar gündəlik ehtiyaclarını ödəmək üçün evdə “yastıq altında” saxladıqları son dollarları da xırdalamağa məcbur qalırlar. Bu amilin də valyuta bazarındakı bolluğa təsiri var. Dolayısı ilə, müsbət nüanslarla yanaşı, düşündürücü və narahatlıq yaradan məqamlar da kifayət qədərdir".
“Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?