Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib.

“BUTA.TV” xəbər verir ki, CNN-in “Prosper Global” təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığı başlayıb.

Kabil sakinlərinin yalnız beşdə biri boru kəməri ilə suya çıxış imkanına malikdir, əhalinin 80 faizi isə yeraltı sulardan və dərin quyulardan asılıdır.

Son 10 ildə şəhərdə yeraltı su səviyyəsi təxminən 30 metr azalıb. Su quyularının, demək olar ki, yarısının quruduğu, ildə 1,55 milyard kub futdan çox su çatışmazlığı yarandığı bildirilir.

2001-ci ildə 1 milyondan az olan Kabilin əhalisi hazırda 6 milyona çatıb. Əhalinin artımına xaricdən qayıdan əfqanlar, İran və Pakistandan deportasiya edilənlər və kəndlərdən şəhərə miqrasiya təsir göstərib.

Əfqanıstan Su və Ətraf Mühit Mütəxəssisləri Şəbəkəsinin tədqiqatçısı Nəcibullah Sədid vəziyyəti “su iflası” kimi qiymətləndirib. BMT Universitetinin professoru Mohd Faizee isə şəhərin humanitar fəlakətlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Əfqanıstanda altı ildir davam edən quraqlıq su böhranını dərinləşdirir. BMT-nin məlumatına görə, ölkədə qar örtüyü 25 ilin ən aşağı səviyyəsinə düşüb.

Kabildə yeraltı suların 80 faizə qədəri kanalizasiya kimi çirkləndiricilərlə bağlı risk daşıyır. Boru suyuna çıxışı olmayan sakinlər əl nasoslarından və su tankerlərindən istifadə edirlər. Yoxsul ailələr gəlirlərinin 30 faizinə qədərini suya xərcləyirlər.

“Taliban”ın 2021-ci ildə hakimiyyətə gəlməsindən sonra beynəlxalq yardımın azalması böhranın həlli istiqamətində işləri çətinləşdirib.

2 milyon insanı su ilə təmin etməsi planlaşdırılan Şahtut bəndinin layihəsi dayanıb. Pəncşir çayından Kabilə su gətirilməsini nəzərdə tutan 124 mil uzunluğundakı boru kəməri isə hələ texniki-iqtisadi əsaslandırma mərhələsindədir.

Əfqanıstan hökuməti yeni bəndlər və yeraltı suların bərpası ilə bağlı layihələr üzərində işlədiyini açıqlayıb. Ekspertlər isə vəziyyətin təcili və genişmiqyaslı tədbirlər tələb etdiyini bildirirlər.

Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz