Maaş ödənişlərində yeni dövr: Bütün köçürmələr elektronlaşacaq
Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda əməkhaqqı və digər ödənişlər elektronlaşdırılacaq.
Layihəyə əsasən, ödənişlər elektron sistem vasitəsilə işçinin seçdiyi bank hesabına köçürüləcək. Köçürmələr barədə məlumatlar əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana təqdim ediləcək.
Məqsəd əməkhaqqının vaxtında və tam ödənilməsinə nəzarəti gücləndirmək, gecikmələrin, azaldılmış ödənişlərin və əməkhaqqının gizlədilməsi hallarının aşkarlanmasını asanlaşdırmaqdır.
Yeni sistem sosial sığorta haqlarının fərdi şəxsi hesablarda avtomatik qeydə alınmasını, məzuniyyət, ezamiyyə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda orta əməkhaqqının avtomatik hesablanmasını nəzərdə tutur. İşçilərin öz gəlir tarixçələrinə çıxış imkanları da genişlənəcək.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, bu qanun layihəsi ilə ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi də təmin olunacaq.
Deputat əlavə edib ki, təklif olunan mexanizmə əsasən, əməkhaqqının yalnız əmək müqaviləsində və ya informasiya sistemində göstərilən məbləğinin rəsmiləşdirilməsi deyil, onun faktiki olaraq ödənilməsi də elektron məlumatlar vasitəsilə izləniləcək:

"Əmək Məcəlləsində və aidiyyəti digər qanunlarda dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsinə əsasən, işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ötürülən məlumatlar əsasında Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Təklif olunan mexanizmə əsasən, əməkhaqqının yalnız əmək müqaviləsində və ya informasiya sistemində göstərilən məbləğinin rəsmiləşdirilməsi deyil, onun faktiki olaraq ödənilməsi də elektron məlumatlar vasitəsilə izləniləcək.
Əslində, bu layihə qeyri-formal məşğulluğa qarşı mübarizənin güclənməsinə, sığorta-pensiya sistemində məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesablara avtomatik daxil olunmasının təmininə xidmət edəcək.
Həmçinin ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında orta aylıq əməkhaqqının avtomatik hesablanması da mümkün olacaq və beləliklə, vətəndaşlar özlərinin gəlir tarixçəsinə çıxış imkanı da əldə edəcəklər".
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - Hadisə yerindən görüntülər