Əli Rzazadə Aquatlon üzrə Dünya Çempionatının bürünc medalını qazandı! - Foto
Foto
Azərbaycan triatlon milli yığma komandasının üzvü Əli Rzazadə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Aquatlon üzrə Dünya Çempionatında uğurlu çıxış edərək bürünc medal qazanıb.
Gənclər kateqoriyasında mübarizə aparan idmançımız 33 dəqiqə 23 saniyə nəticə ilə finiş xəttini üçüncü yerdə keçərək dünya çempionatının bürünc medalına sahib olub.
Əli Rzazadə son illərdə həm ölkədaxili, həm də beynəlxalq yarışlarda nümayiş etdirdiyi nəticələrlə Azərbaycan triatlonunda perspektivli idmançılardan biri kimi diqqət çəkir. O, ölkə çempionatlarında dəfələrlə birinci yeri tutaraq yüksək idman hazırlığını nümayiş etdirib.
İdmançımızın uğurları beynəlxalq arenada da davam edib. 2026-cı ilin oktyabr ayında Misirin Hurqada şəhərində keçirilən Aquatlon üzrə Afrika Çempionatında qızıl medal qazanan Əli Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bundan əlavə, İspaniyanın Banyoles şəhərində təşkil olunan Aquatlon üzrə Avropa Çempionatında ölkəmizi təmsil edərək beynəlxalq təcrübəsini artırıb.
Əli Rzazadənin digər diqqətəlayiq nəticələrindən biri də Bakıda keçirilən IRONMAN 70.3 Baku beynəlxalq yarışı çərçivəsində təşkil olunan Fun Run qaçışında birinci yeri tutmasıdır. Bu nəticə onun qaçış üzrə də yüksək hazırlığa malik olduğunu göstərir.
Abu-Dabidə qazanılan bürünc medal Əli Rzazadənin beynəlxalq arenada əldə etdiyi növbəti mühüm nailiyyət olmaqla yanaşı, Azərbaycan triatlonunun beynəlxalq yarışlarda uğurlu təmsilçiliyinin göstəricisidir.
Ada Süleymanla birgə həlak olan sürücü kimdir?