Eyni gündə iki tarixi olay: TRİPP və...
Ötən gün TRİPP (Zəngəzur) layihəsinin başlandığı rəsmən elan edildi. Bu, Cənubi Qafqaz regionu üçün tarixi hadisədir. Bu təşəbbüs yalnız Çindən Avropanın qərbinə və şimalına qədər uzanan bir yolun təməllərinin atılması deyil, həm də Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunması, regionun rus təsir dairəsindən tam çıxmasının müqəddiməsidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Heydər Oğuz deyib.
Ekspertin sözlərinə görə, təşəbbüsün ABŞ, Çin, Rusiya liderlərinin Şençjendə keçirilən APEC sammitindən dərhal sonra başlaması təsadüfi deyil:
“Moskvanın itirdiyi başlıca coğrafiyalardan biri də Cənubi Qafqaz oldu. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin açılışını iki dövlətin liderləri tərəfindən dünyaya bəyan olundu. Onlardan biri ABŞ Prezidenti Donald Tramp, digəri isə Ermənistan Baş naziri Nikol Paşinyan oldu”.
Politoloq qeyd edib ki, dünya geosiyasətinə çox önəmli tarixi hadisə kimi düşəcək bu dəyişiklikdə Azərbaycan diplomatiyasının misilsiz rolu var:
“Hətta bu layihənin ideya müəllifi də Azərbaycan və onun Prezidenti İlham Əliyevdir. Xatırlayırsınızsa, 44 günlük müharibədən sonra İlham Əliyev ya xoşluqla, ya da digər vasitələrlə Zəngəzur dəhlizinin açılacağını söyləmişdi. Həmin vaxt bəzi politoloqlar İlham Əliyevin bu sözlərini anlamaqda çətinlik çəkirdilər. İlham Əliyevin incə düşünülmüş və ardıcıl siyasəti nəticəsində bu gün həmin “röya” həqiqətə çevrilir”.
Heydər Oğuzun fikrincə, Zəngəzur dəhlizinin açılması ilə yanaşı, daha bir mühüm hadisə də həmin günə damğasını vurdu:
“Söhbət rəsmi Bakı ilə İrəvan arasında bağlanması nəzərdə tutulan sülh sazişi üçün zəmin hazırlayan Ermənistan Konstitusiyasının yeni mətnindən gedir.
Eyni gündə həm TRİPP layihəsinin başlandığı elan edilir, həm də Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya mətninin layihəsini ictimailəşdirir. Layihədə Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadlar çıxarılıb.
Bundan əlavə, yaşı 18-ə çatmış və son iki il ərzində ən azı bir il Ermənistanda daimi yaşamayan vətəndaşların səsvermə və referendumda iştirak etmək hüquqları məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, yeni Konstitusiya qüvvəyə minəndən sonra Rusiyada və digər xarici ölkələrdə məskunlaşan erməni millətçilərin seçkilərdə iştirakına və təxribat törətmək potensialına yol verilməyəcək, regionumuz həqiqi sülh şəraitində yaşayacaq. Əlbəttə ki, erməni millətçilərinin bu şəkildə budanması da İrəvanla yanaşı, Bakının da böyük qələbəsidir”.
Ada Süleymanla birgə həlak olan sürücü kimdir?