“Sülh körpüsü” təşəbbüsü çərçivəsində İrəvanda keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda altı istiqamət üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu “Sülh körpüsü” təşəbbüsünün iştirakçısı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov görüşün yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, budəfəki görüş əvvəlkilərdən onunla fərqlənir ki, ümumi müzakirələrlə yanaşı, altı tematik komitə də fəaliyyət göstərəcək.

Fərhad Məmmədov qeyd edib ki, komitələr ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar məsələlər və media istiqamətləri üzrə çalışacaqlar.

O bildirib ki, bu format çərçivəsində növbəti mərhələdə görülə biləcək işlər, dövlətlərə təqdim ediləcək təkliflər, mövcud fikir ayrılıqlarının aradan qaldırılması və sülh gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunur.

Fərhad Məmmədovun sözlərinə görə, təşəbbüsün əsas xüsusiyyətlərindən biri vətəndaş cəmiyyəti nümayəndələrinin dövlət rəsmiləri ilə birbaşa ünsiyyət qurmasıdır.

“Bizim dialoqumuz səmimi söhbət və bəlkə də həssas məsələlərin müzakirəsidir. Artıq elə bir mərhələyə çatmışıq ki, qapalı mövzularımız yoxdur. Bir-birimizə suallar verə və cavablar ala bilirik”, – o vurğulayıb.

O əlavə edib ki, görüş zamanı iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana iki saat ərzində suallar ünvanlayıblar.

Qeyd edək ki, Ermənistanda "Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü başlayıb. Görüşdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərini əhatə edəcək.

Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video