Ukrayna dünyada ilk dəfə olaraq döyüş lazeri texnologiyasından istifadə etməklə reaktiv “Şahed” dronunu vurub.

“BUTA.TV” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müdafiənin texnoloji istiqamətlərinin inkişafı üzrə müşaviri Sergey (Fleş) Beskrestnov sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bu hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, pilotsuz uçuş aparatının (PUA) məhv edilməsi üçün kritik infrastruktur obyektinin qorunması məqsədilə yerləşdirilmiş “Carmine Sky” şirkətinin istehsalı olan “Blysk” lazer qurğusundan istifadə olunub.

Beskrestnov lazerin gücünün 4 kVt, hədəfləri vurma məsafəsinin isə 1 km-ə qədər olduğunu qeyd edib. Lazerin adi “Şahed” dronunun gövdəsini cəmi bir neçə saniyə ərzində deşmək qabiliyətinə malik olduğu bildirilir. 

Müşavirin sözlərinə görə, hazırda Ukraynada bir neçə şirkət hava hücumundan müdafiə məqsədilə lazerlərin tətbiqi sahəsində araşdırmalar aparır. 

“Lazer texnologiyaları çox mürəkkəbdir və ciddi maliyyə xərcləri tələb edir. Qurğunun seriyalı istehsalı barədə danışmaq hələ tezdir. Sınaqlar kritik infrastruktur obyektlərinin qorunması gedişatında, birbaşa döyüş şəraitində davam etdirilir”, - o deyib. 

Qeyd edək ki, daha əvvəl İsrail real döyüş şəraitində lazer silahından uğurla istifadə edib. 2024-cü ildə İsrail hərbçiləri eksperimental lazer qurğularından istifadə etməklə “Hizbullah”ın onlarla pilotsuz uçuş aparatını vurub. Böyük Britaniya da 2025-ci ilin noyabrında “DragonFire” lazer qurğusu vasitəsilə yüksəksürətli dronun uğurla ələ keçirildiyini bildirib, lakin bu, poliqon sınaqları çərçivəsində baş verib.

Ukraynanın təcrübəsinin unikallığı məhz reaktiv zərbə dronunun real döyüş şəraitində uğurla vurulmasındadır.

Xəyanət cəmiyyətimizi məhv edir... Xəyanət cəmiyyətimizi məhv edir...