Şəhriyar Məmmədyarov qadınları aşağıladı: “Bilirəm, bu sözümdən inciyəcəklər...”

15:22 - 21 May 2024 - CƏMİYYƏT

 Şəhriyar Məmmədyarov qadınları aşağıladı: “Bilirəm, bu sözümdən inciyəcəklər...”

Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov açıqlamaları ilə müzakirələrə səbəb olub. 

BUTA.TV xəbər verir ki, yutubda yayımlanan “Persona” verilişində qonaq olan qrossmeyster qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib. 

O, “bacılarınızla rəqabətə çox gedirdiniz?” sualına belə cavab verib: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”. 

Məşhur şahmatçı fikirlərini daha sonra belə davam etdirib: 

“Ağırlıq qaldırmada çempion olan bir qadının nəticəsini dünyada ilk 100-lüyə düşməyən kişi belə rahatlıqla göstərə bilər. Ağıl məsələsində də bu belədir. Şahmat ağıl oyunudur, qadınların yeganə şansı bu idman növündədir, çünki güc tələb olunmur, amma burada da 100 ən yaxşı arasında qadın yoxdur. Mənim ailəmdə də iki bacım şahmatçıdır, illərdir çalışmışıq, oynayıblar, amma təəssüflər olsun ki, rəqabət yoxdur. 

Dünyanın ən güclü restoranlarında da aşpazlar kişidir, yeməyi belə ən gözəl bişirənlər kişilərdir. Mən demirəm yaxşı yemək bişirən qadın yoxdur, xeyr, dünyada milyardlarla yaxşı yemək bişirən qadın var, amma söhbət ən yaxşılardan və ən uğurlulardan gedir. 

Bunun nədən irəli gəldiyini isə söyləmək istəmirəm. Çünki mən çalışıram ki, qadınların da hörmətini, sevgisini qazanım. Belə şeylərə cavab verməkdən qaçıram".

Onun bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, idmançı sərt şəkildə tənqid edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol