Azərbaycanla bağlı durum dəyişir - ABŞ-dən sonra Fransa da...

06:55 - 27 May 2024 - SİYASƏT

 Azərbaycanla bağlı durum dəyişir - ABŞ-dən sonra Fransa da...

Fransa-Azərbaycan münasibətlərinin normallaşması mümkündürmü? Münasibətlərin gəngiləşməsinə Fransa Prezidenti Emmanuel Makronun açıqlamaları və siyasəti səbəb olub. Ona görə də münasibətlərin normallaşması üçün ilk addımı Makron atmalıdır.

BUTA.TV xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Fransanın keçmiş prezidentləri ermənilərə simpatiyalarını gizlətməsələr də, Azərbaycanla münasibətləri gərginləşdirmir, ölkəmiz əleyhinə açıqlamalar vermirdilər, Makrona qədər iki ölkə arasında münasibətlərdə dialoq o biri dövlətlərlə olduğu kimi idi:

"Makron prezident seçildikdən sonra Ermənistana səfər etdi, Azərbaycana gəlmədi. Makron və komandası İkinci Qarabağ Müharibəsi və sonrakı mərhələdə anti-Azərbaycan siyasətini üst səviyyəyə qaldırdı. Həmin fonda Makronun Bakıya telefon zənglərinin münasibətlərə müsbət təsiri olmadı. Çünki Fransa lideri hər zəngdən sonra yenə Azərbaycan əleyhinə açıqlama verdi.

Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bərpa edib. Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı görünür, sərhədlər müəyyənləşir, kəndlər qaytarılır. Tərəflər arasında birbaşa danışıqlar müsbət nəticələr verir. Belə olan halda, Ermənistan hökumətinin Fransanın anti-Azərbaycan siyasətinə ehtiyacı yoxdur, əksinə, bu siyasət İrəvana Bakı ilə danışıqlarla lazımsız problemlər yarada bilər. Belə olan halda, Parisin Azərbaycan siyasətini korrektə etməsinə zərurət yaranır. Paris Azərbaycanın Yeni Kaledoniya mövzusunda fəallığından narahatdır.

Azərbaycan Fransanın Yeni Kaledoniya siyasətini sərt tənqid edir, kolonial siyasətə qarşı Bakı platforması var. Paris Azərbaycanın daxili işlərinə qarışanda, Fransa prezidentliyinə namizədlərdən biri işğal dövründə qanunsuz olaraq Xankəndiyə gələndə, Fransa parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edəndə fransalı siyasətçilər və diplomatlar anlamalıydılar ki, bunun bumeranq effekti olacaq. Evi şüşədən olan başqasına daş atmamalıdır. Buna baxmayaraq, münasibətlərdə geridönüş mümkündür. Bunun üçün Fransa prezidenti və bu ölkənin hökumət üzvləri Cənubi Qafqaz siyasətinlərinə yenidən baxmalıdırlar, bölgə və Azərbaycanla bağlı açıqlamalarında korrekt ifadələrdən istifadə etməlidirlər.

Fransanın Azərbaycandakı səfiri Ann Buayonun digər ölkələrin diplomatlarıyla birgə Laçına səfəri və bölgədəki dağıntıları etiraf etməsi Parisin siyasətində dəyişikliyə işarədirmi? Bunu zaman göstərəcək. Laçına səfər azdır. Fransa səfirinin amerikalı həmkarı kimi Şuşaya səfəri də vacibdir. Aydındır ki, bu səfərin icazəsini Paris verməlidir. Erməni lobbisi Fransada olduğu kimi ABŞ-də də fəaldır, Konqresdə möhkəm dayaqları var. Ancaq bu ABŞ-nin rəsmi strukturlarının Azərbaycanla əməkdaşlıqdan imtinasına səbəb olmur, Bakının Vaşinqton və Fransanın qonşusu Almaniya ilə sıx dialoqu və əməkdaşlığı var".

Mərkəzin ekspertləri hesab edirlər ki, Paris tərəfdaşları Vaşinqton və Berlindən geri qalmaq istəmirsə, Azərbaycan siyasətini köklü şəkildə dəyişməlidir:

"Bir çox dövlətlərin liderləri 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Fransa prezidentinin Azərbaycan liderinə təbrik məktubundan xəbər yoxdur. Demək, Makron münasibətləri normallaşdırmağa hələ hazır deyil".


- kanalımız


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol