Zelenskinin son ümidi: Kreml çox çalışdı, alınmadı…

15:38 - 3 İyun 2024 - GÜNDƏM

 Zelenskinin son ümidi: Kreml çox çalışdı, alınmadı…

Kiyev 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək beynəlxalq konfransa böyük əhəmiyyət verir. Kiyevin ümidi onadır ki, bu konfransda Rusiyanın işğalçı siyasəti qınanılacaq və qəbul edilən yekun bəyanatda Ukraynaya dəstək artırılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.

Qeyd edilib ki, bu proqnozlar özünü doğrultmaya da bilər:

“Konfransa dəvət olunan ölkələrin sayı çoxdur və bu dövlətlərin bir qismi Ukraynanın ərazi bütövlüyünü dəstəkləsələr də, Rusiya ilə açıq qarşıdurmada maraqlı deyillər. Buna baxmayaraq, Rusiyaya tərəfdaş ölkələrdən də İsveçrədəki foruma qatılanlar olacaq. Misal üçün Hindistanın Baş naziri Narendra Modi 15-16 iyun tarixlərində Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək Sülh Forumunda iştirak edəcəyini bildirib. Halbuki Kreml çox çalışırdı ki, Dehli həmin forumda iştirak etməsin. Narendra Modi bildirib ki, Hindistan qlobal sülhə, təhlükəsizliyə və inkişafa dair beynəlxalq aləmdəki vacib sammitlərdə iştirakını davam etdirəcək. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Hindistanı konfransa dəvət etmək üçün şəxsən Dehliyə səfər etmişdi. Kiyev əhalisinin sayına görə dünyanın birinci ölkəsi olan Hindistanın tədbirə qatılmasına çalışdı və müsbət nəticə əldə etdi. Dehli Moskva ilə sıx əməkdaşlığa çalışsa da, Rusiyadan məsafə saxlamağı da bacarır. Bundan başqa Kremlin Pekinlə çox yaxınlaşması Çinlə sərhəd mübahisələri olan Hindistan hakimiyyətini narahat edir.

Çin İsveçrədəki Sülh Forumunda iştirak etməyəcəyini rəsmən bəyan edib. Halbuki Ukrayna Prezidenti Vladimir Zelenski Çin rəhbəri Si Szinpinin foruma qatılmasını çox istəyirdi və dəvətini bir neçə dəfə təkrarlamışdı. Olmadı. Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumunda çıxış edən Vladimir Zelenski Çin nümayəndə heyəti ilə görüşə bilmədiyini bildirib və Pekinin Ukrayna ilə bağlı sülh sammitində iştirak etməyəcəyindən məyus olduğunu deyib. Zelenskinin sözlərinə görə, Çin başqa ölkələrin də sülh sammitinə gəlməsinin qarşısını almağa çalışır. Misal üçün Səudiyyə Ərəbistanı son anda İsveçdəki foruma qatılmayacağını bəyan edib. Zelenski Vaşinqton və Brüssel kimi hesab edir ki, Çinin Rusiyaya dəstəyi Ukraynadakı münaqişəni uzadacaq.

Sinqapurdakı konfransda iştirak edən Çinin müdafiə naziri admiral Dun Çzyun isə Asiya və Sakit okeandakı durumdan danışıb. Admiral Tayvanı dəstəkləyənlərə Pekinin xəbərdarlığını çatdırıb. O, adanın müstəqilliyi üçün separatçıları cəsarətləndirən “xarici qüvvələrə” bildirib ki, bu siyasət bölgəni təhlükəli həddə çatdıra bilər. Çinli admiral Tayvanı Çindən ayırmağa cəsarət edən hər kəsin “özünü məhv edəcəyini” bildirib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol