Azərbaycan mediası üzərindən hücum - Düşmənə fürsət veririk!

12:56 - 10 İyun 2024 - SİYASƏT

 Azərbaycan mediası üzərindən hücum - Düşmənə fürsət veririk!

Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin ilk müsbət nəticəsi – Qazaxın işğalda olan 7 kəndindən 4-nün qaytarılmasından Ermənistanda revanşistlər maksimum istifadə etməyə çalışır. Erməni ictimaiyyəti arasında heç bir nüfuzu qalmayan Sərkisyan-Köçəryan cütlüyü kilsəni – bu kontekstdə keşiş Baqratı önə verərək, onun arxasında gizlənməklə “mübarizə” aparır.

Hamını bir sual düşündürür: necə olur ki, 2018-ci ildə Nikol Paşinyan hərəkata başlayır, nəticədə Sərkisyanı devirə bilir, ancaq müxalifət nə qədər cəhd edirsə - hətta “ən həssas yerdən”, “torpaq”dan yapışırsa da, heç nəyə nail ola bilmir.

Paşinyanın istifadə etdiyi bütün taktika bircə-bircə sınaqdan keçirildi: 2023-cü ildə Sərkisyan-Köçəryan cütlüyü Saqatelyanı irəli verdi və bu adam bütün variantlara əl atdı: İrəvanda küçələrin bağlanması, regionlarda “fəallıq”, mitinqlər, davamlı təzyiqlər, hətta Paşinyanın impiçment olunmasına cəhd!

Saqatelyan üçün əlavə “stimul” da vardı – Qarabağdan könüllü köçən ermənilər ən emosional hallarında idilər, Qarabağ məsələsi tam olaraq yenicə bağlanmışdı və erməni müxalifəti bunda Paşinyanı günahlandırırdı, çünki o, Qarabağın Azərbaycanın ərazisi olduğunu etirafa məcbur olmuşdu.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Alınmadı, heç nəyə nail ola bilmədilər və aylarla davam edən aksiyalar söndü.

Revanşistlər indi erməni xalqının “son qalasından” – kilsədən bəhrələnməyə qərar veriblər, “stimul” isə 4 kəndin qaytarılmasıdır. Keşiş Baqrat üçün bu dəfə daha “mükəmməl ssenari” hazırlanıb – Paşinyanın daha bir metodu tətbiq edilir, Saqatelyan bunu “unutmuşdu”.

Paşinyan regiondan paytaxta yürüş etmişdi – keşiş Baqrat da eyni üsulu seçdi.

Revanşistlər bu dəfə “dəqiqliyinə qədər” Paşinyanın bütün metodlarını özünə tətbiq etməyə çalışır, hətta Baqrat külli miqdarda maliyələşir də.

Alınması mümkün deyil – çünki Paşinyanın hakimiyyətdən getməsi üçün şərait və vaxt yetişməyib:

1. 2018-ci ildə xalq Qarabağ klanından, bu klanın rüşvətxorluğundan bezmişdi;

2. Sərkisyan 2016-cı ilə Aprel savaşında öhdəlik götürmüşdü, torpaqları qaytarmalı idi, buna görə ona ciddi təzyiqlər vardı. İcra edərdisə, hakimiyyəti itirəcək və ən biabırçı şəkildə qovulacaqdı, etməyəcəyi təqdirdə İkinci Qarabağ savaşı 2018-ci ildə başlayacaqdı – nəticəsinin necə olacağını artıq 2020-ci ildən bilirik!

3. Sərkisyanın arxasında yalnız Rusiya dayanırdı – 2016-cı il öhdəliyinə görə Rusiya da ona təzyiq edirdi, Qərbin isə Sərkisyanı dəstəkləməsindən söhbət gedə bilməzdi;

4. Seçkilər keçirilmişdi, saxtakarlıq olmuşdu və xalq öz səsini qorumaq üçün ayağa qalxmışdı.

Hakimiyyətin xalq etirazları ilə devrilməsi üçün ən vacib şərt də sonuncudur – seçki saxtakarlığı, kütləvi pozuntular, sübuta yetirilən faktlar və xalqın səsini qorumaq istəyi...

Qərb “məxməri inqilab”a başlayan Paşinyana dəstək verirdi, Avropa maliyyəli qehetelər də onun yanındaydı, üstəlik, Sərkisyan Rusiyanın dəstəyini də itirmişdi.

Hazırda nə seçki var, nə saxtalaşdırma, nə də xalqın kütləvi etirazı. Baqrat heç bir hüquqi-siyasi kart-blanşa sahib deyil.

Üstəlik, keşişin baş nazir olması ehtimalı da heç bir tərəf üçün qəbuledilən deyil!

Erməni çoxluğun əsas diqqəti sosial maraqlarına yönəlib: itki, qan, işğal siyasəti zamanı ermənilər Qarabağ klanının faktiki girovuna çevrilmişdilər.

Paşinyanın bəxti gətirib – Rusiyaya sanksiyalardan ölkəsi milyardlarla qazanc əldə edir, hətta iqtisadi artımına görə dünyanın ən qabaqcıl ölkəsinə çevrilib. Son illər ÜDM artımı 12 faizin üstündədir. Bu, Rusiyaya sanksiyaların dəlinməsi yolu ilə olsa da, erməni ictimaiyyəti bunu öz yaşayışında hiss edir.

İş o yerə çatır ki, Kirantsda delimitasiya nəticəsindəAzərbaycana keçən evlərin sahibləri qısa müddətdə böyük məmnuniyyətlə evlərini tərk edir və bu haqda medianın sorğusunu belə cavablandırmırlar. Çünki onların kənd evlərinə İrəvanın mərkəzində yerləşən evin qiyməti qədər pul ödənilib.

Keşiş Baqratın təbliğatına girişənlər bu reallıqları çox gözəl bilirlər və apardıqları misilsiz təbliğatın ictimai reaksiyasından da məlumatlıdırlar: yaxşıca hesablayırlar ki, bu “mübarizə” nəğmələrinə heç bir inam yoxdur.

Ümumilikdə erməni müxalif mediasına inam da kifayət qədər aşağıdır, erməni ictimaiyyəti “düşmənin” – Azərbaycan ictimai fikrinin nəyə kökləndiyini bilmək istəyir. Və erməni mediası məhz bu amildən istifadə etməyə başlayıb: keşiş Baqratla bağlı xəbərlərdə Azərbaycan mediasının buna “son dərəcə həssas” yanaşdığı, bu “mübarizədən” narahat olduğu, guya Baqratın hakimiyyətə gələcəyindən həyəcan keçirdiyi haqda məlumat yayırlar; istinadlar da verirlər, azərbaycanlı politoloqların bəzi açıqlamalarını xüsusi qabardıb, oxucularına təqdim etməklə revanşizmə tərəfdar toplamağa çalışırlar.

Ermənistanda baş verən prosesləri izləmək mütləqdir, lazım olduqca, Azərbaycan oxucuları da məlumatlandırılmalıdır. Ancaq keşişin bütün addımlarını erməni müxalif mediası qədər şişirtməkdən düşmənin istifadə etdiyini və bunu vaxtaşırı olaraq öz səhifələrində yaydığını məgər görmürsünüzmü? Özlərinə olan oxucu inamsızlığından Azərbaycan mediasına istinadlarla qurtulmaq istəklərini açıq şəkildə elan edib, ardıcıl məqalələrlə çıxış edirlərsə, niyə onlara dəstək verməyə davam edək?


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol