Səhiyyə “islahatı”: nə həkim var, nə şərait, yalnız “ölüm”...

08:02 - 12 Aprel 2025 - GÜNDƏM

 Səhiyyə “islahatı”: nə həkim var, nə şərait, yalnız “ölüm”...

Rayonlarda həkim çatışmazlığı problemi təkcə bu günün yox, son illərin müzakirə mövzusudur. Hər il bu məsələ ilə bağlı rəsmi qurumlar çıxış edir, planlar açıqlanır, layihələr elan olunur. Amma nəticə dəyişmir. 2025-ci ilin əvvəlində TƏBİB və Səhiyyə Nazirliyi tərəfindən bölgələrdə ixtisaslı tibbi kadrların çatışmazlığını aradan qaldırmaq üçün təqdim olunan layihə də bu qəbildəndir.

Layihənin məqsədi aydındır: bölgələrə ixtisaslı həkimlər cəlb etmək, tibbi xidmətlərin keyfiyyətini artırmaq. Amma məqsədin kağız üzərində qalması, əhalinin həyatına təsir etməməsi artıq dözülməz hal alıb.

TƏBİB-in “qapalı layihəsi”

TƏBİB-ə mövzu ilə bağlı ünvanladığımız sorğuya bir həftədən sonra gələn cavab qısa və qeyri-müəyyəndir:

“Layihə icra mərhələsindədir. Layihə barəsində mediaya ümumi məlumat veriləcək mütəmadi olaraq”.

Bu cavab cəmiyyətin gözləntilərini qarşılamır. Əgər layihə doğrudan da icra olunursa, bu icra nədən ibarətdir? Hansı regionlara nə qədər həkim göndərilib? Kimlər artıq fəaliyyətə başlayıb? Hansı sahələr prioritet götürülüb? İctimaiyyətin cavab gözlədiyi suallar ortadadır.

Açıq görünür ki, ictimaiyyətin layihə haqqında məlumatı yoxdur, nəticə isə hiss olunmur. “İcra mərhələsi” kimi təqdim olunan bu mərhələ reallıqda “gözləmə rejimi”nə çevrilib.

Əmək haqqı, yoxsa şərait – kim gedəcək bölgəyə?

Ənənəvi yanaşmaya görə, həkimlərə bölgəyə getmək üçün yüksək maaş təklif olunmalıdır. Amma bu problemin yalnız maliyyə ilə həll olunmadığı artıq bəllidir. Rayonlarda mənzil şəraiti, sosial təminat, yol, təchizat, təhlükəsizlik və peşəkar mühitin zəifliyi gənc mütəxəssislərin bölgələrə üz tutmaq istəməməsinə səbəb olur. Bu məsələdə layihənin qeyri-şəffaf olması və şəraitin təmin olunmaması ciddi qüsur kimi ortadadır.

Qusar nümunəsi – sistemli laqeydliyin aydın təzahürü

Yaxınlarda Qusar Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisə bu sistemsizlik və nəzarətsizlik problemini daha qabarıq göstərdi. Məlumata görə, xəstəxananın aptek bölməsinin əməkdaşı – həm də xəstəxana direktorunun həyat yoldaşı olan İlhamə Hacıyeva tibb işçilərinin Vatsap qrupuna belə bir mesaj göndərib: “Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq”.

Bu açıqlama təsdiq olunarsa, məsələ artıq həkim çatışmazlığı yox, həyat və sağlamlığa açıq təhdid səviyyəsindədir. Vaxtı keçmiş dərmanların xəstələrə verilməsi, istər bilərəkdən, istər səhlənkarlıq səbəbindən olsun, qanun pozuntusudur, cinayət məsuliyyəti doğuracaq haldır. Üstəlik, bunu sistem daxilində kimsə adi hala çevirirsə, burada islahata yox, tam təmizlənməyə və cəzaya ehtiyac var.

Səhiyyədə real islahatlar yalnız layihə elanları ilə yox, nəticə ilə ölçülür. Əgər üç ayda bölgələrdə bir nəfər də yeni həkim fəaliyyətə başlamayıbsa, əhali hələ də günlərlə növbə gözləyirsə, müalicə üçün Bakıya üz tutursa, xəstəxanalarda dərman əvəzinə təhlükə paylanırsa, deməli, nə layihə var, nə də islahat.

TƏBİB və Səhiyyə Nazirliyi ictimaiyyəti gözlətmədən layihə ilə bağlı konkret hesabat təqdim etməlidir. Həkimlərin bölgələrə göndərilməsi üçün yalnız maaş deyil, insani şərait və peşəkar dəstək də qurulmalıdır. Əks halda, region səhiyyəsi mərkəzdən verilən “yaxşı xəbərlərlə” deyil, yerli əhalinin çarəsizliyi ilə yadda qalacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol