Hindistan-Pakistan toqquşmasının sensasion detalları: Niyə indi?..

16:02 - 7 May 2025 - GÜNDƏM

 Hindistan-Pakistan toqquşmasının sensasion detalları: Niyə indi?..

Azərbaycanın da yaxından izlədiyi Hindistan-Pakistan toqquşmasında təməl problem Kəşmir münaqişəsi, motiv isə terror aktı olsa da, hadisələrin eskalasiya həddinə çatmasını və məhz indi baş verməsini iki amil üzərindən dəyərləndirmək olar.

Birincisi, baş nazir Narendra Modinin daxili siyasətdəki şərtlərdən qaynaqlanan Kəşmir planıdır;

Kəşmir məsələsinə sərt yanaşması ilə seçilən Modi Pakistana qarşı təcrid xəttini izləyir. Bu, onun daxili siyasətdə reytinqini daim diri saxlayan proqramlarından biridir. Lakin ötən il Hindistanda keçirilən seçkilərdə Narendra Modi yenidən baş nazir seçilsə də, parlament çoxluğunu əldə edə bilmədiyi üçün koalisiyaya getmək məcburiyyətində qaldı. Bunun səbəbləri arasında 2019-cu ildə Hindistan Kəşmirində baş verən terror aktından sonra yaşanan qarşıdurmada Modinin “yumşaq cavab” verməsi də qeyd olunur. Modi bu dəfə eyni “səhvi” təkrarlamaq istəmədiyi üçün “müəyyən qələbə” əldə etmək məqsədilə Pakistana hücum əmrini verdi. Bu, həm də ona daxili mövqelərini “təhlükəsizlik və xarici düşmən” ətrafında gücləndirmək üçün lazımdır.

2019-cu il və 2025-ci il qarşıdurması arasındakı eynilik təkcə Hindistan Kəşmirində terror aktının baş verməsi yox, ABŞ-da Trampın hakimiyyətdə olmasıdır. Bu, baş verənlərdə ən önəmli məqam kimi qiymətləndirilə bilər. Tramp ilk və ikinci hakimiyyəti dövründə prioritet olaraq gördüyü Çinlə mübarizədə Hindistanla əməkdaşlığa, Pekinin müttəfiqi kimi qəbul etdiyi Pakistanla məsafəli siyasətə üstünlük verir.

(Burada tarixi məqam da nəzərə alınmalıdır: Britaniya Hindistanının parçalanması ilə dövlət quran Pakistanın ingilislərlə daha sıx münasibətindədir; Hindistan bu tarixi “mirasa” görə sevmədikləri Britaniya qarşısında Birləşmiş Ştatlarla əməkdaşlığa önəm verir).

Modi Trampın hakimiyyətdə olmasını 2019-cu ildəki “səhvini” düzəltmək, Pakistan üzərində üstünlük qazanmaqla həm daxildəki, həm də Kəşmir mövqelərini gücləndirmək üçün fürsət olaraq görür.

İkincisi, Hindistanın Pakistana hücumunda ABŞ-ın maraqlarıdır;

Əslində məsələnin geosiyasi hədəfləri fonunda Pakistana hücumun Modi planından daha çox, Dehli-Vaşinqton ssenarisi olduğu görünür, sadəcə, bu ssenaridə hər iki tərəfin – Modi və Trampın öz maraqları da var.

ABŞ üçün Hindistan-Pakistan toqquşması Çinlə mübarizə fonunda birdən çox hədəf baxımından önəmlidir.

1. Çini Avrasiyada Birləşmiş Ştatlara əsas rəqibə çevirən “Bir kəmər, bir yol” layihəsinə maneələr yaratmaq: bu layihənin iştirakçılarından olan Pakistanın Hindistanla toqquşması nəqliyyat dəhlizləri üzərində, eləcə də Çin sərhədlərində eskalasiyanın yaranması ilə nəticələnəcək;

2. Eskalasiya genişlənəcəyi təqdirdə Çinin müttəfiqi Pakistan tərəfindən münaqişəyə cəlb olunması riskləri yaranır ki, bu, Pekinin iqtisadi planlarına görə “sıfır qarşıdurma” strategiyasına zərər vuracaq;

3. Pakistan-Hindistan toqquşması hər iki ölkənin yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS (Pakistan üzvlük üçün müraciət edib) kimi Çin vektorlu ittifaqlara – ümumilikdə Qlobal Cənuba mənfi perspektivlər vəd edir;

4. Bu qarşıdurma Hindistanı ABŞ-la yeni silah anlaşmalarına sövq edəcək: aprel ayında bu ölkəyə səfər edən vitse-prezident Vens Dehliyə Vaşinqton daha çox F-35 təyyarəsi və hərbi texnika almağı təklif etmişdi;

5. Vaşinqtonun Ukrayna məsələsində yekun razılığın olmaması və prosesin uzandığı vaxt Çinə qarşı gecikdirmək istəmədiyi addımlarda bu taktikadan da istifadə edir.

Kəşmirdə baş verən terror aktını araşdırmadan dərhal Pakistanı ittiham edən və prosesi müharibə həddinə çatdıran Hindistanın, eləcə də qarşıdurmada digər maraqlı tərəflərin hədəfləri belə görünür. Hərçənd, hər iki ölkənin nüvə dövləti olması proseslərin nəzarətdən çıxacağı ehtimalını zəiflədir. Hücum əmrini verən Modiyə “kiçik qələbə” lazım idi, döyüşlərlə bağlı ilkin məlumatlar buna hələ ki, nail ola bilmədiyi yönündədir. Eskalasiyanın yaşanması və bunun gözlənilən siyasi nəticələri baxımından ABŞ-ın istədiyini əldə etdiyini/edəcəyini demək mümkündür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol