1990-cı ildə yaradılmış və əsasən keçmiş xüsusi təyinatlılardan ibarət olan təhlükəli mütəşəkkil cinayətkar dəstə 2024-cü ilə qədər Rusiyanın müxtəlif bölgələrində 40-dan çox sifarişli qətl törətməkdə təqsirləndirilir.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları son illərin ən rezonanslı cinayət işi üzrə istintaqı tamamlayıb.
Dəstənin tərkibinə əsasən "Vityaz", "Rys" və digər elit təhlükəsizlik bölmələrinin sabiq döyüşçüləri, eləcə də hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları daxil olub. Onlar sıravi cinayətkarlardan fərqli olaraq peşəkar hərbi təcrübə, xüsusi texnika və dövlət qurumlarındakı əlaqələrindən istifadə edərək cinayətlər törədiblər.
Mütəşəkkil cinayətkar dəstənin əsas üzvlərindən olan Artur Kozlov keçmiş "Vityaz" döyüşçüsü, sonradan Moskva Cinayət Axtarış İdarəsinin rəhbəri olub. O, 2006-cı ildə avtomobil qəzasında ölüb. Pavel Xristev – keçmiş hərbçi, 2023-cü ildə həbs olunub. Aleksey Çebotarev – təqaüddə olan polkovnik-leytenant, istintaqda əsas şahid kimi çıxış edir. Aleksey Alpatov – vaxtilə "Rys" Xüsusi Çevik Hücum Bölməsinin qərargah rəisi vəzifəsini tutub.
Cinayətkar dəstə 2000-2024-cü illərdə Moskva, Kaluqa və Krasnoyarsk vilayətlərində fəaliyyət göstərib. Dəstənin qurbanları əsasən biznesmenlər, cinayətkar avtoritetlər və dövlət məmurları olub. Onlara sifarişi isə rəqiblərini aradan götürmək istəyən iş adamları və digər mütəşəkkil qrupların üzvləri verib.
2000-ci il çeçen neft mafiyasının liderlərindən biri Maksim Lazovskiyə sui-qəsd edilib. Əvvəlcə onun sürücüsü səhvən öldürülüb, 2 ay sonra Lazovski özü güllələnib.
2002-ci il "Konsul" şirkətinin rəhbəri Vladimir Klyuyev, onun oğlu və mühasibi oğurlanaraq qətlə yetirilib.
2003-cü il "Krasnoqvardeyski" bazarının sahibi Hafiz Mahmudov və sevgilisi boğularaq gölməçəyə atılıb.
Cinayətkarlar yol polisi forması geyinərək cütlüyün avtomobilini saxlayıb. Maşında Hafiz adlı şəxsin 500 min ABŞ dolları məbləğində nağd pulu olub. Bəzi məlumatlara görə, bu qədər böyük məbləğdə nağd vəsaitin daşınması həmin illərdə bazarın meyvələrdə gizlədilən narkotiklərin qeyri-qanuni tranziti üçün istifadə olunması ilə izah edilir. Cinayətkarlar pulu götürüb, cütlük isə qətlə yetirilib. Cəsədlər ayaqlarına ağır əşya bağlanaraq gölməçəyə atılıb.
İstintaqın məlumatına görə, qətlin sifarişçisi Azərbaycan əsilli, hazırda axtarışda olan və iş materiallarında "bazara nəzarəti ələ keçirmək" və "kommersiya fəaliyyətinə nəzarət etmək" istədiyi qeyd edilən Dadaşovdur (ad göstərilmir - red.). Onun qardaşı Araz Dadaşov isə vəd olunan üçotaqlı mənzil və ticarət obyektinin bir hissəsi qarşılığında təşkilatçıya könüllü yardım göstərib. O, cinayətin icrası üçün xüsusi təyinatlıları Artur Kozlov vasitəsilə tapıb.
Araz Dadaşov istintaqla əməkdaşlığa gedib, təqsirini etiraf edib, prokurorluqla məhkəməyədək əməkdaşlıq sazişi bağlayıb. İkiqat qətldə iştirakına görə o, 2024-cü ilin iyulunda Moskva vilayətinin Puşkinski şəhər məhkəməsi tərəfindən 8 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilib.
Təhlükəli cinayətkar dəstənin üzvləri qurbanlarını qaçırmaq üçün tez-tez yol polisinin reydlərini təqlid ediblər. Qətllərdə isə peşəkar silah və snayper avadanlıqlarından istifadə olunub.
Dəstənin ifşasında əsas dönüş nöqtəsi 2023-cü ildə Aleksey Alpatovun həbsi olub. O, 12 qətldə iştirakını etiraf edərək istintaqla əməkdaşlığa başlayıb. Eyni zamanda həmkarlarının adlarını açıqlayıb.
FSB-nin əməkdaşı Andrey Yaxnev 11 il həbs cəzası alıb və bir sıra qətllərin sifarişçisinin milyarder Valeri Çimbayev olduğunu göstərib.
Təqaüddə olan polkovnik Vladimir Novqorodovun evindən böyük silah anbarı tapılıb.
Hazırda 11 nəfər məhkəməni gözləyir, bir neçəsi artıq məhkum olunub.
Ən ağır cəzaları dəstə üzvləri Pavel Xristev və Aleksey Çebotarevin gözləyir. Onlar ömürlük həbs cəzası ala bilərlər. Aleksey Çebotarev isə istintaqla əməkdaşlığı səbəbilə 25 illik cəzadan yayına bilər.
Bu iş Rusiya tarixində dövlət resurslarından cinayət məqsədi ilə istifadəsinin simvolu sayılır. 20 il boyunca cəzasız qalmış qətllər hüquq-mühafizə sistemindəki boşluqları və korrupsiya əlaqələrini bir daha üzə çıxarıb. Araşdırmalar bu dəstənin digər açılmamış qətllərlə də əlaqəli ola biləcəyini göstərir.
Qeyd edək ki, ümumilikdə iş üzrə 15 nəfər cinayətdə iştirakda şübhəli bilinir. Bunlardan bir neçəsi artıq məsuliyyətə cəlb edilib, digərlərinin məhkəmə prosesi davam edir.
- İlham Əliyevdən Qurtuluş Günü ilə bağlı paylaşım
- Azərbaycanda Milli Qurtuluş Günüdür
- Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
- Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...
- Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto
- İlham Əliyev Britaniya Kralını təbrik etdi
- İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov
- Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi