AYB-dən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət

15:02 - 28 İyun 2025 - GÜNDƏM

 AYB-dən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya müraciət

Ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən qətlə yetirilən 5 nəfər azərbaycanlı ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Rusiyanın Yazıçılar və Nəşriyyatçılar İttifaqları Assosiasiyasının sədri, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Sergey Şarqunova, Tatarıstanın Xalq Şairi, Tatarıstan Yazıçılar Birliyinin sədri Rkail Zaydullaya, "OGI" nəşriyyatının baş redaktoru Maksim Amelinə, "Literaturnaya qazeta" qəzetinin baş redaktoru Mixail Zamşevə, Moskva Yazıçılar Cəmiyyətləri Birliyinin sədri Yuri Viktoroviç Konoplyannikova, Başqırdıstan Yazıçılar Birliyinin sədri Ayqiz Baymuxametova müraciət edib.

BUTA.TV müraciəti təqdim edir:

“Hörmətli həmkarlar!

Dünən Yekaterinburq şəhərində Rusiya hüquq mühafizə orqanları ( bəzi mənbələrin yazdığına görə SOBR, FSB, OMON, polis) tərəfindən əməliyyat, əslində basqın həyata keçirilmiş, nəticədə 50-ə yaxın azərbaycanlı həbs olunmuşdur. Rəsmi və qeyri-rəsmi mənbələrin yazdığı məlumatlara görə guya bu əməliyyat 20-25 il əvvəl bir azərbaycanlının qətl hadisəsi ilə bağlı imiş.

Məsələ budur ki, basqın daha çox Səfərovlar ailəsinin üzvlərinin evlərinə edilmiş, həbs olunub götürələnlərin arasından Səfərov Ziyəddin və Səfərov Hüseyn sonradan qətl edilmiş, Səfərov Bakir və bir neçə adam ağır bədən xəsarəti almışlar. Bəzilərinin vəziyyəti ağırdır.

Hal-hazırda Səfərovlar ailəsinin qətl edilmiş üzvlərinin nəşi ailə üzvlərinə verilmir, ağır bədən xəsarəti almış və təcrid olunmuş digər insanlarla (Səfərov Bakir, Səfərov Ayaz, Səfərov Akif, Səfərov Məzahir, Səfərov Kamal, Səfərov Məhəmməd və başqaları) ailə üzvlərinin və vəkillərin görüşünə, əlaqəsinə isə şərait yaradılmır, səhhətləri barədə ətraflı məlumat yoxdur.

Müraciət etməklə sizlərin diqqətini bir məsələyə çəkmək istəyirəm.

İstəyirəm biləsiniz ki, mən Səfərovlar ailəsinin bir çox üzvlərini tanıyıram. Qətlə yetirilmiş Hüseyin və Ziyəddinin qardaşı Seyfəddin Hüseyinli (Səfərovla) ilə 20 ildən artıqdır ki, çiyin-çiyinə işləyirəm. Seyfəddin Hüseyinli tanınmış ədəbiyyatşünas, tərcüməçi, jurnalist, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycanda ən populyar və gündəlik nəşrin- “525-ci qəzet”in baş redaktor müavinidir, həm də rus nəsrinin tərcüməçisidir. Seyfəddinin qardaşı qətl edilən Ziyəddin Səfərovu tanıyırdım, inanclı və çox ədəbli inşandı, onun hər hansı cinayətdə iştirakını ehtimal etmək belə absurddur.

Hətta ehtimal olunsa belə ki, bu əməliyyat və basqın nə vaxtsa öldürülmüş 1 nəfər azərbaycanlıya (!) görədir, bu qədər adamın basqın və xüsusi əməliyyatla həbs olunması, iki nəfərin böyük ehtimala görə amansızlıqla öldürülməsi, digərlərinin ağır bədən xəsarətləri alması məntiqsiz, hüquqi baxımdan əsassız görünür. Başqa tərəfdən, 25 il əvvəlki qətldə iştirakı ehtimal olunan konkret şəxsi müvafiq hüquqi prosedurları nəzərə alaraq həbs etmək, istintaqa cəlb etməyin yolu basqındımı?

Bu gün Rusiya hüquq mühafizə orqanlarının iştirakı ilə bir Azərbaycan ailəsində ağır faciə yaşanır. Əminəm ki, bu məsələ yalnız köhnə bir cinayətə görə deyil. Görünən budur ki, bu bizim artıq dəfələrlə şahidi olduğumuz kimi Rusiyada Azərbaycanlılara təzyiqin növbəti qanlı təzahürü, milli münaqişədir. Özü də belə hallarda o Azərbaycanlıların Rusiya vətəndaşı olub-olmaması nəzərə alınmır, eynən haqqında danışdığım faciədə olduğu kimi. Əlbəttə, istisna deyil ki, bu prosesdə kimlərinsə biznes maraqları, kimlərinsə milli-etnik qəzəbi əhəmiyyətli rol oynayıb.

Hadisələri tələsdirməyin tərəfdarı deyiləm, bilirəm ki, bunu bəzən istintaqa təzyiq və müdaxilə kimi yoza bilərlər; hərçənd istintaqdan obyektiv qərar da gözləyəcək qədər də sadəlöhv deyiləm.

Sizə müraciət etməyimin səbəbi aşağıdakılardır:

-Azərbaycan və İslam adətlərinə görə vəfat etmiş insanları tez dəfn etmək lazımdır. Dünyasını dəyişmiş Səfərov Ziyəddin və Səfərov Hüseynin nəşinin verilməsinə kömək edin (onlarla bağlı vəfatlarından sonra tibbi-ekspertiza prosedurları üçün - əgər bu RF hüquq mühafizə orqanlarına lazımdırsa, 2-3 saat bəs etməlidir); əks-təqdirdə, yəni nəşin vaxtında verilməməsi hüquq-mühafizə orqanları tərəfindən törədilmiş amansızlıq və zorakılıq ehtimalını artırmış, təsdiqləmiş olacaq;

- Ağır halda olan Səfərov Bakirin və saxlanılan digər şəxslərin (Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu, Səfərov Kamal Qədiməli oğlu, Səfərov Məhəmməd Məzahir oğlu) vəziyyəti və səhhəti ilə bağlı əsaslı açıqlama yayılmasına, onların ailə üzvləri ilə görüşünə, evə buraxılmasına kömək edin;

- Səfərovlar ailəsinin digər üzvlərinin təhlükəsizliyi üçün yetərli işlərin görülməsinə köməklik göstərin.

Sizin hər biriniz Rusiya Federasiyasının tanınmış, nüfuzlu ədəbiyyatçıları, ictimai xadimlər, ədəbiyyat və mədəniyyəti təmsil edən görkəmli şəxslərsiniz.

Bir Azərbaycan ailəsinin və soyağacının faciəsinin dərinləşməməsi üçün imkanlarınızı, şəxsi nüfuzunu əsirgəməmənizi xahiş edirəm”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol